9 Sentyabr 2016 10:24
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın gələcəkdə 2 və 3 ulduzlu hotellər şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bununla da ölkəmizə müxtəlif təbəqələrdən olan xarici turistlərin axını təmin ediləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm Assosiasiyasında (AzTA) turizm şirkətlərinin nümayəndələri ilə toplantı çıxışı zamanı deyib.

Nazir bildirib ki, dövlət başçısının sentyabrın 1-də imzaladığı sərəncam ölkədə turizmin inkişafına yeni təkan verəcək: “Bu sərəncam Azərbaycan turizminin inkişafının növbəti mərhələsini müəyyən edərək, turizm sənayesində çalışan hər bir işçinin üzərinə məsuliyyət qoyur. İndi ölkəmizdə mövcud olan bütün turizm sənayesi işçiləri xidmət səviyyəsinin daha da yüksəldilməsi işinə öz töhfəsini verməlidir. Bu məqsədlə Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Turizm Assosiasiyası ilə birlikdə xidmət sahəsində çalışanlar üçün kursların, treninqlərin təşkili istiqamətində işlərin həyata keçirilməsini də nəzərdə tutur”.

Nazir qeyd edib ki, Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər də davam etdiriləcək. Bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi də əsas istiqamətlərdəndir.

İlhamə ƏBÜLFƏT


Müəllif: