Yeni qeydiyyatdan keçmiş 11 dini icmaya şəhadətnamər təqdim edildi
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş 11 dini icmaya şəhadətnamələr təqdim edilib.
Teleqraf.com xəbər verir ki, Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, dövlət tərəfindən dinə, o cümlədən İslam və qeyri-islam təmayüllü dini icmalara diqqət və qayğı göstərilir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də müstəqilliyimizə, milli-mental dəyərlərimizə, dinimizə uyğun qaydaların təsbit olunduğunu vurğulayan Komitə sədrinin müavini dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolu olduğunu bildirib.
Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə tövsiyələrini verən Gündüz İsmayılov icmaları daha aktiv olmağa, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə, ideoloji təhlükəsizlik məsələsinə həssas yanaşmağa çağırıb.
Eyni zamanda, Komitə sədrinin müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan və ənənəvi dəyərlərdən çıxış etmələrini tövsiyə edib.
Sonda yeni qeydiyyatdan keçmiş 11 dini icmanın sədrinə qeydiyyat şəhadətnamələri təqdim edilib.
Nemət