28 İyun 2014 12:55

Saday İsmayılov: “Əli Məmmədova 300 min dollar vermişdim”

Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamına hədə-qorxu gələrək külli miqdarda pul tələb edən Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini Vaqif İbadovun məhkəməsi başlayıb. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını açıqlayıb.

İttihama görə, ötən il avqustun 9-da Saday İsmayılov tanışı Vaqif İbadovla birlikdə biznesmen Əli Məmmədovu hədələyərək 500 min manat tələb edib. Əli Məmmədov pul verməkdən imtina edib. Bu zaman o, Əli Məmmədovu maşında saxlayaraq tələbini davam etdirib. Bundan sonra Əli Məmmədov ona 120 min manat verməyə razılaşıb.

Əli Məmmədov tanışı İmran adlı şəxsə zəng edərək 120 min manat gətizdirib. Həmin məbləği alan Saday İsmayılov qurbanını azad buraxıb. O, növbəti dəfə Əli Məmmədovu hədələyərək 150 min manat tələb edib.

Nəhayət, Əli Məmmədov hədə-qorxu yolu ilə pul tələb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Zərərçəkmişin şikayəti əsasında idarə əməkdaşları əməliyyat keçirib, Saday İsmayılov və Vaqif İbadov həbs ediliblər.

“Biznes sahəsi ilə əlaqəm olmayıb”

Peşəkar idmançı olan Saday İsmayılov güləş üzrə üçqat dünya çempionu adına layiq görülüb. Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub. 2009-cu ildə Federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib. Onun Federasiya ilə əməkdaşlığı cəmi bir neçə ay çəkib. Vaqif İbadov isə əvvəllər daha bir neçə ağır cinayəti törətdiyi üçün məhkumluq həyatı yaşayıb.
Prokurorun sözlərinə görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.

Saday İsmayılov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Deyib ki, Əli Məmmədovla 14 ildir dostluq münasibəti olub. Onunla biznes şəriki olduğunu deyən Saday İsmayılov idman sahəsindəki xidmətlərinə də toxunub: “Uzun müddət peşəkar idmanla məşğul olmuşam. İdman sahəsində çoxlu xidmətlərim var. Bu xidmətlərimə görə mənimlə həmişə fəxr ediblər. Əli Məmmədovla yeniyetməlik dövründən dostuq. Boş vaxtlarımda Əli Məmmədov və digər dostlarımla qonaqlıqlarda olmuşuq”.

Bununla belə, Saday İsmayılov idmançı kimi biznesdən başı çıxmadığını, hətta biznes sahəsi ilə hər hansı əlaqəsi olmadığını da vurğulayıb.

“Pulumu biznes sahəsinə yatırmağı məsləhət bildi”

O, deyib ki, ittihamda tamah məqsədilə cinayət törətdiyi yazılıb: “Mən heç bir cinayət törətməmişəm. İdmançı olmuşam, güclü olmuşam. Amma gücümü özümdən zəiflər üzərində sınamamışam. Əli Məmmədov isə fiziki cəhətdən məndən zəif olub. Ona qarşı quldurluq cinayəti törətməyimin əsası yoxdur. Onunla ailəvi dost idik. 2005-ci ildə mənim təxminən 300 min dollarım vardı. Bir çox dostlarımın yanında həmin məbləğ barədə danışmışam. Əli Məmmədov da bizneslə məşğul olduğu üçün pulumu biznes sahəsinə yatırmağı məsləhət bildi. Dedi, pulu ona verim və dövriyyədən əldə olunan qazancı yarı bölək. Mən də razılaşdım. 2013-cü ilə kimi həmin puldan əldə olunan qazancdan mənim də payımı verirdi. Amma mənə nə qədər pul veriləcəyi ilə bağlı aramızda hər hansı razılaşma olmayıb. O, hər ay mənə 3-4 min manat arasında pul çatdırırdı”.

Saday İsmayılovun sözlərinə görə, Əli Məmmədov telefon alqı-satqısı biznesi ilə məşğul olub, onun biznesə başlamasına da köməyi dəyib: “Onda çətin dövr idi, biznesə başlamaq çox müşkül idi. Onun biznesə başlamasında təşkilatçı olmuşam, lazımi şəxslərdən xahişlər etmişəm”.

“Küçədə gedən qadınlara söz atırdı”

Təqsirləndirilən şəxs qeyd edib ki, Əli Məmmədovun Nazim adlı başqa bir şəriki də vardı: “Mənim Nazimlə münasibətim soyuq idi. Onun hərəkətlərindən xoşum gəlmirdi. Onun da mənə rəğbəti yox idi. Dəfələrlə Əlinin yanında Nazimdən xoşum gəlmədiyini, onunla biznes şərikliyinə son qoymasını istəmişəm. Amma Əli mənimlə razılaşmır, Nazimin tərəfini tuturdu. Bu hərəkətinə görə əsəbiləşirdim. Onun üstünə qışqırdığım da olub. Əli isə mənim bu hərəkətimi böyütdü. Guya ona qarşı quldurluq etmişəm, azadlığını məhdudlaşdırmışam. Əslində belə olmayıb. Nazimlə bağlı aramızda mübahisə düşüb. Nazimin küçədə gedən qadınlara söz atması mənim xoşuma gəlmirdi”.

Saday İsmayılovun sözlərinə görə, bütün bu narazılıqların nəticəsində Əli Məmmədovdan 300 min dolları geri istəyib: “Həmin gün gündüz Əli ilə görüşəcəkdik. Lakin Əlinin vaxtı olmadı, axşam görüşməyi qərara aldıq. Görüşəndə pulumu istədim. Əli işçisi İmrana zəng etdi, seyfdəki pulun qədərini soruşdu. O da seyfdə 120 min manat olduğunu dedi. İmrandan həmin pulu biz olduğumuz yerə gətirməsini istədi. Əli mənə dedi ki, İmrana həmin pulu qumarda uduzduğumu deyim. Bir qədər sonra pulu İmran gətirdi. Qalan 150 min manatı isə ertəsi gün verəcəkdi. Əlidən aldığım pulun 50 min manatını qardaşım Bayrama, bir hissəsini isə evimdə təmir işləri aparan fəhlələrə vermişəm”.

Saday İsmayılovun bildirdiyinə görə, həmin gün ailəsini Rusiyaya yola salmaq üçün Cəlilabad rayonuna gedib. Ailəsi Şəmkirdə olduğundan qohumu Anara onları rayona gətirməyi tapşırıb: “Mən də Vaqiflə birlikdə Cəlilabad rayonuna getdim. Əvvəlcə Vaqifin qohumugildə olduq. Orda olanda ailəmlə tez-tez əlaqə saxlayırdım. Ailəm Biləsuvar rayonuna yaxınlaşan zaman biz evdən çıxdıq. Maşınla bir qədər gedəndən sonra qarşımızı polislər kəsdi. Həmin vaxt Vaqif maşından düşərək qaçdı. Əməliyyatçılar onun arxasınca atəş açdılar. Vaqif əlindən yaralandı. Bizi həbs edərək Cəlilabad rayon polis şöbəsinə gətirdilər”.
Vaqif İbadov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, Saday İsmayılovla cinayət əlaqəsinə girməyib, onunla hər hansı bir cinayətdə iştirak etməyib. Üstündən tapılan narkotik vasitənin də ona aidiyyəti olmadığını söyləyib. Daha sonra prosesdə əməliyyatda iştirak edən polislər ifadə verib.

Hacı


Müəllif:
Загрузка...