14 Sentyabr 2016 13:37
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-2017-ci tədris ilinin başlanması ilə əlaqədar yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimalını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi sentyabrın 15-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

Nuridə Allahyarovanın sözlərinə görə, məqsəd ilk dərs günü xüsusən də səhər saatlarında paytaxt yollarında yarana biləcək avtomobil sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin təhlükəsiz və intensiv hərəkətini təmin etməkdir: “Bunun üçün paytaxtın küçə və prospektlərinə, xüsusən də ali və orta təhsil müəsissələrinin yerləşdiyi ərazilərə nəzarət gücləndiriləcək. Bu ərazilərdə avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün svetaforlarda "yaşıl dalğa" tədbiq ediləcək”.

Şöbə müdiri qeyd edib ki, səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəsissələrinə, iş yerlərinə vaxtında rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşınma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib: “Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır”.

Bakı Nəqliyyat Agentliyi həmçinin sürücülərdən xahiş edir ki, təhsil müəsissələrinə yaxın, bitişik ərazilərdə avtomobillərin park edilməsi qaydalarına və sürət həddinə ciddi əməl etsinlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər