14 Sentyabr 2016 16:48
3 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkiyə getmək çətin olmadı. Bakı Beynəlxalq Avtovağzalına ayaq qoyan kimi hara getmək istəyirsən, qolundan tutub o yönə aparan avtobus şoferi mütləq tapılır.

Şəkiyə doğru yol almaq üçün isə yeddi manat ödəmək kifayət etdi. Avtobusda oturub maşının yola düşməsini gözləyirdim ki, yanımdakı qadının "peraşki" satan kişiylə dialoqu başladı, qiymət soruşdu. Özü-özümə fikirləşdim ki, ay Allah, indi bu qadın yolboyu "peraşki" yeyəcək, amma o, daha çox höcət vururdu:

– Neçəyə verirsən "peraşki"ni?

– Beşi bir manata.

– Bəs aşağıda altısı bir manataydı axı. Sən də elə versənə...

"Peraşki" söhbəti qurtarar-qurtarmaz, “Şəmiylə Şöşü”nün səsi avtobusu başına götürdü. Sonra Rafaellə Coşqun gəldi. Yəni bu adət halını almış yol əhvalatından heç kim canını qurtara bilmir və beləcə beş saat gəlib keçir.

Şəkiyə ilk dəfə gəlirdim. Nə şəhərin ab-havasından, nə adamlarından, nə qiymətlərdən xəbərim vardı. Şirin ləhcəli sakinlər gülərüz, mehriban olsalar da, qiymətlər od tutub yanırdı. Elə özlərinin də dediyi kimi, Şəki Bakı qədər bahalıqdı. Çünki Şəki ticarət şəhəridir.

Şəhərin mərkəzində yerləşən bir həyət evində bir gün qalmaq üçün on beş manat ödəməli olursan. Ancaq əmin ola bilərsiniz ki, siz bu qiymətə təmiz və səliqəli bir evdə ürək rahatlığıyla qala biləcəksiniz.

Şəkililər həm də təmizkarlıqları ilə məşhurdurlar.

Şəkidə ərəblərə rast gəlməsək də, turistlər çox idi. Xaricilər əllərində selfi çubuğu şəhər boyu gəzir, şəkil çəkirirdilər.

Şəkidə şəhərin içiylə gedəndə belə təbiətin bütün ünsürlərinə yaxın olursan: torpağa, göy üzünə, günəşə, buludlara, dağlara, ağaclara, çaya... Hətta sizi tütək səsi də müşayiət edə bilər. Əgər siz keçəndə o, ifasını başa vurmuş olsa belə, sizə görə tütəyini yerdən qaldırır və astaca çalmağa başlayır. Ümumiyyətlə, bu şəhərdə adama pis üz göstərən insana rast gəlmirsən.

***

Şəki Xan sarayına yol alırıq. Əgər vaxt azdırsa, yol uzunu piyada getməklə də Şəkini az-çox gəzmiş olursan. Şəhərin qədimliyini qoruyub-saxlamaq üçün bütün evlərin qapısı taxtadan düzəldilib. Bir qayda olaraq belədir, heç kəs buna qarşı çıxmır. Bu, şəhərə xüsusi gözəllik verir.

Tez-tez rastıma halva dükanları çxırdı: Halvaçı Yəhya, Halvaçı Məhəmməd, Halvaçı Şakir... Elə düşünürsən ki, Şəki camaatının yarısı halva bişirib satmaqla dolanır.

Şəhəri gəzib-görməyə gələnlərin saxsı qab marağı da Şəki alverçilərinin cibinə işləyir. Həm də necə... Çünki turistləri ən çox cəlb edən məhz rəngli və bəzəkli saxsı qablar, suvenirlərdir, üstəlik, heç ucuz da deyil. Qiymətlər üç manatdan başlasa da, xoşa gələn qab-qacaq və suvenirlər ən azı 15 manadır. Çıraq, güzgü, armudu sətəkan-nəlbəki, gül qabı almaq istəyənlər daha çox pulundan keçməli olurlar.

Nə alırsız-alın, endirim gözləməyin, nəyin qiyməti neçəyə yazılıbsa, elə də satılır. Yəni burda “aşağı yeri varmı?” söhbəti keçmir.

Satıcılar isə satışdan narazı deyillər. Halvaçıların halvası, əl işləri satanın qolbağı, boyunbağısı, digərinin də saxsı qabı satılır. Maraqlısı budur ki, satıcıların heç biri malını satmaq üçün hay-küy salıbmüştərini şirnikləndirmir. Sakitcə malını satıb alqış edir, xeyir-dua verir, vəssalam. Söhbət kişi satıcılardan gedir.

Ancaq təəssüf ki, Şəkinin muzeylərinin bələdçi qadınları haqqında bunu deyə bilməyəcəyik. Muzeylərin qarşısına toplaşan qadınlar hay salıb adamları muzeyə dəvət edirr. Buna dəvət demək mümkünsə... Elə zənn edirsən ki, şor bazarında müştəri çağırırlar. Həm yerli camaatı, həm də turistləri muzeydən uzaqlaşdıran bəlkə də elə budur. Qısası, Şəkidə hər şey yaxşıydı, bircə o qadınlar olmasa...

Özlərisə deyir ki, belə eləməsək, muzeyə adam gəlməz.

Hər halda muzeylərə biz də baş çəkdik və gözümüzə xoş görünənləri foto-aparatın yaddaşına köçürdük. Buyurub baxa bilərsiz.

Şəkinin bir yaşlı qadını var, onu şəhərin simvolu hesab edirlər. Onun adını heç kim bilmir, çünki hərəyə bir ad deyir. Şəhərin müxtəlif yerlərində sakitcə oturub dilənir. Artıq hamının doğmasına çevrilib. İllərdir bu “peşəylə” məşğuldur və özünün də etiraf elədiyi kimi, onu yaxşı dolandırırlar. Kimin gücü nəyə çatır, kömək edir, etməyənə isə nə acı söz deyir, nə qarğış tökür.

Beləcə, Şəki Xan sarayına yetişdik. Hər kəs bu şəhərə daha çox Xan sarayının sorağıyla gəlir. Ancaq mənə görə, Şəkiyə gəlib Xan sarayına baş çəkməmək böyük itki deyil. Qəribə görünə bilər, ancaq mən bu sarayın ruhunu hiss edə bilmədim. Qədim bir tikilidir, vəssalam.

Ancaq bütün hallarda Şəkiyə xoş gəlib, xoş qayıdırsan. Ölkə daxilində bir neçə maraqlı gün keçirmək, istirahət etmək istəsəniz, yolunzuu Şəkidən salın. Ancaq cibinizdə pul olmaq şərtiylə...

Sevinc FƏDAİ


Müəllif:

Oxşar xəbərlər