Sentyabrın 9-da Azərbaycanın İtaliyada, o cümlədən San Marino Respublikasında akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin kapitan-regentləri Can Nikola Berti və Massimo Andrea Uqoliniyə təqdim edib.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, təqdimetmə mərasimini çıxış nitqi ilə açan San Marino xarici işlər naziri Paskal Valentini iki ölkə arasındakı əlaqələrdə son dövrdə müşahidə olunan intensivliyi qeyd edib, 2015-ci ildə San Marino kapitan-regentlərinin Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə ölkəmizə səfərinin, habelə özünün də səfərinin münasibətlərin inkişafına təkan verdiyini bildirib.
Səfir M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını kapitan-regentlərə çatdırıb, ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra daha da inkişafı üçün çalışacağını bildirib.
Kapitan-regentlər C.N.Berti və M.A.Uqolini, öz növbələrində, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib və növbəti müddətdə ölkələr arasında münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiklərinə qeyd ediblər.
Səfir M.Əhmədzadə San Marinoya səfəri çərçivəsində, bu ölkənin xarici işlər naziri Paskal Valentini, sənaye və ticarət naziri Marko Arzilli, parlamentin bir qrup üzvləri və Ticarət Palatasının nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri, regional mövzular, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.