Metronun "Elmlər Akademiyası" stansiyasının təmirə bağlanan əsas vestibülü beş aylıq təmir və yenidənqurma işlərindən sonra sərnişinlərin istifadəsinə verilib.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, yenidənqurma işləri zamanı stansiyanın özəlliyi, eksteryer və interyerinin ilkin layihə görkəmi saxlanılmaqla, stansiya müasir standartlar səviyyəsinə çatdırılıb.
2016-cı il aprel ayının 15-də başlanan təmir işləri dövründə stansiyanın istismar müddəti başa çatmış ET tipli 3 eskalatoru Almaniyanın "Thyssen Krupp" şirkətinin istehsalı olan və dərin özüllü stansiyalar üçün nəzərdə tutulan "Viktoriya" tipli yeni, müasir, daha qənaətcil və səmərəli analoqları ilə əvəzlənib.
Eskalatorların yeniləndiyi müddətdə stansiyanın əsas giriş-çıxışı bağlandığı üçün vestibüldə, stansiya üzərində yerləşən binada və yaxınlıqdakı ərazidə də müvafiq təmir-tikinti, yeniləşmə və bərpa işləri aparılıb.
Stansiyanın giriş və çıxış qapıları daha müasir və rahat analoqları ilə əvəzlənib, qapıüstü şəbəkə cərgəsi dəyişdirilib. Qapılar paslanmayan metaldan hazırlanıb, şüşələri isə temperli laminatdan üzlənib və zərbəyə davamlıdır.
Vestibülün, eskalator zalının mərmər örtüyü istismar müddətini başa vurduğu, qranit döşəmənin bir çox elementləri keyfiyyətini itirdiyi üçün tamam yenilənib.
Bu işlər yerinə yetirilərkən stansiyanın özəlliyi qorunmaqla yeniliklər də edilib. Bu mənada, stansiyada quraşdırılmış sarı zolaq diqqəti çəkir. Metropolitendə ilk dəfə relyefli səthə malik tametdən yaradılmış bu zolaq görmə qabiliyyəti məhdud olan sərnişinlərin səmti müəyyənləşdirməsi üçün nəzərdə tutulub.
Metropolitendə ilk dəfə vestibüldə də yeni tipli ventilyasiya sistemi tətbiq edilib və metropolitenin ən giriş-çıxışlı stansiyalarından birinin mikroiqlim şəraitinin yaxşılaşdırılmasına xidmət göstərir. Havalandırma sisteminə eskalatorların maşın zalı da qoşulub. Vestibülün girəcəyində temperatur rejiminin nizamlanması məqsədilə «hava pərdələri» quraşdırılıb.
Kassa və eskalator zallarında döşəməaltı isitmə sistemi tətbiq edilib və bu, xidmət heyətinin qış aylarında əmək şəraitini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq.
Bütün yeniliklərlə yanaşı stansiyanın memarlıq üslubu tam qorunaraq, kassa zalından eskalator zalına keçid tağının divarlarındakı gips ornamentlər mərmər analoqu ilə əvəzlənib. Kassa zalının sütunlarının tavanla qovuşan ornamenti, həmçinin stansiya pəncərələrinin milli memarlıq üslubunda işlənmiş şəbəkəsi və yararlı detalları tam qorunmaqla bərpa işləri aparılıb.
Kassa zalında işıqlandırma sistemi yenidən qurularaq, müasir büllur çilçıraq asılıb. Həmçinin stansiyanın girişində, eskalator zalında, eskalatorların ballüstradalarının üstündə LED tipli lampalar quraşdırılıb.
Əvvəllər kassa kimi xidmət göstərən və digər yardımçı otaqlar da tam təmir edilərək, müasir tərtibatda daha estetik görkəmə gətirilməklə, iş şəraiti tələblərinə uyğunlaşdırılıb.
Vestibüldə aptek köşkü və “Lalələr” gül pavilyonu fəaliyyət göstərəcək.
Vestibülün və onun üzərindəki altımərtəbəli inzibati binanın qızdırılması üçün stansiyanın texniki zonasında müasir standartlara cavab verən qazanxana inşa olunub. Hər biri 500 min.kkal gücə malik iki istilik qazanı inzibati binanın bütün mərtəbələrini istiliklə tam təmin edəcək.
Yay aylarında binanın otaqlarında normal hava şəraiti əvvəlki illərdə olduğu kimi, ayrı-ayrı kondisionerlərlə deyil, mərkəzi havalandırma sistemi vasitəsilə təmin ediləcək.
Binanın xarici görkəminə xələl gətirən kondisionerlər isə sökülüb, çıxarılıb, köhnə pəncərələr müasir tipliləri ilə əvəz edilib.
Stansiyanın üzərindəki altımərtəbəli inzibati binada Metropoliten İşçiləri Həmkarlar İttifaqı, «Metro» qəzetinin redaksiyası, «Bakı Metropoliteni» QSC-nin arxivi, Tikinti departamenti və onun struktur bölmələri, «Bakımetrolayihə» institutu, Azərbaycan Tunelçilər Birliyi və yeməkxana yerləşir.
Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın yaxınlığında yerləşən ərazidə abadlıq işləri görülüb. Çıxış tərəfdə piyada yolunu küçənin hərəkət hissəsindən ayıran sahədə yaşıl zolaq salınıb, ətrafa asfalt döşənib.
Qeyd edək ki, «Elmlər Akademiyası» stansiyasında təmir və yenidənqurma işlərinin cari ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulmuşdu. Lakin yaxınlıqda ölkənin aparıcı təhsil müəssisələrinin və dövlət təşkilatlarının yerləşməsi, başa çatan yay mövsümü, xüsusən də yeni dərs ilinin başlanması ilə əlaqədar, «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi əsas qüvvələri səfərbər edərək, dəqiq işlənmiş planla təmir-bərpa, tikinti-quraşdırma və yenidənqurma işlərini məhz yeni dərs ilinin ilk gününə qədər başa çatdırmağı qarşıya əsas vəzifə kimi qoymuşdu. Beləliklə, «Elmlər Akademiyası» stansiyasının əsas vestibülü sentyabrın 15-dən yenidən sərnişinlərin üzünə açıqdır.