15 Sentyabr 2016 15:19
2 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk dərs həyəcanı bu gün Bakı şəhəri Xətai rayonundakı M.Hacıyev adına 116 nömrəli tam orta məktəbdə də yaşandı.

Birincilərin, onların valideynləri və doğmalarının, on birincilərin, pedaqoji kollektivin və qonaqların iştirak etdiyi mərasim Azərbaycanın dövlət bayrağının təntənəli surətdə meydana gətirilməsi və dövlət himninin oxunması ilə başladı.

Məktəbin direktoru Aidə Seyidova birinciləri və onların doğmalarını təbrik etdi. Bu il 9-cu və 11-ci sinfin buraxılış nəticələri barədə danışan Aidə Seyidova 9-cu sinfin buraxılış nəticələrinin uğurlu olduğunu vurğuladı: “Əgər ötən tədris ilində bizim məktəbimiz Bakı şəhəri üzrə 320 məktəb arasında 97-ci yerdə idisə, bu il məktəbimiz 9-cu sinfin buraxılış nəticələrinə görə artıq 57-ci yerdədir. Yəni, 40 pillə də irəliləmişik.

Əgər biz Xətai rayonu üzrə 15-ci yerdə idiksə, bu il artıq 9-cu yerdəyik. Ümid edirik ki, bu il uğurlarımız həm valideynlərin, həm də valideynlərin zəhməti hesabına daha da çox olacaq. Çünki biz hər dəfə yoxlama apararkən həmin yoxlamanın nəticələrini bütün valideynlərlə birlikdə müzakirə edirik və öz səhvlərimiz üzərində işləyirik”.

Direktor qeyd etdi ki, rəhbəri olduğu tədris ocağı ötən il 11-ci siniflərin nəticələri əsasında respublikanın 48 ən yaxşı məktəblərinin siyahısına daxil olub: “Bizim buraxılış siniflərimizin orta balı 307 bal olmuşdu. Bu il hələ nəticələr bəlli deyil. Ümid edirəm ki, bu il də nəticələrimiz yüksək olacaq. Bu fikri söyləməyimə əsas verən bizim buraxılış siniflərimizin nəticələridir. Bizim 46 məzunumuzdan 31-i ali məktəbə daxil olub. Onlardan ən yüksək – 659 bal toplayanı Hacıyeva Aytac Fərman qızı Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinə, Kərimov Etibar Əfqan oğlu 642 balla Dövlət İqtisad Universitetinin mühasibatlıq və audit fakültəsinə, Bağırov Orxan Cövdət oğlu 611 balla Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə, Həsənova Zəkiyyə Elmir 594 balla ADA Universitetinin dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olunub.

Digər məzunlarımızdan Vəliyev Müşfiq Elşad oğlu 593 bal, Məmmədova Nərmin Rəşid qızı 547 bal, Yaqubova Aygün Mübariz qızı 538 bal, Şıxəliyeva Günel Aydın qızı 525 bal, Quliyeva Sona Qənimət qızı 512 bal toplayıb. Arzu edirəm ki, bu uğurları tədris ilinin sonunda builki on birincilərimiz də bizə bəxş etsinlər”.

Xətai rayonundan millət vəkili Fuad Muradov da müəllimləri, şagirdləri və valideynləri təbrik etdi, ölkədə aparılan islahatlardan danışdı: “Məktəb bilik, bacarıq verir. Bu, çox vacibdir. Eyni zamanda məktəb vətəndaş hazırlayır. Mən müəllimlərə uğurlar arzulayıram. Onların həyatlarının daim yaxşı olmasını arzulayıram. Onlar bilavasitə bizim balalarımızla məşğuldur. Təbii ki, valideynlərin də üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, bu bilik günü hər iki istiqamət üzrə başlanğıcdır”.

Fuad Muradov vaxtilə bu rayonda Qaraşəhərin yerləşdiyini vurğuladı: “İndi isə Ağ şəhər burdadır. Bu rayonda yaşayan insanlar zəhmətkeş insanlardır və onların vaxtilə Azərbaycanın neft strategiyasının qurulmasında çox böyük əməyi olub. Bilik gününüz mübarək olsun!”

116 nömrəli məktəbdə keçirilən Bilik günü tədbirinə valideyn kimi qatılan Milli Məclisin deputatı Elman Nəsirov da ənənəyə sadiq qaldı. Öncə müəllimləri, valideynləri və şagirdləri təbrik etdi: “Bura gələrkən öz-özümə sual verdim ki, görəsən bu gün daha çox kimin – müəllimlərin, valideynlərin, yoxsa şagirdlərin bayramıdır? Qənaətim belədir ki, bu, əslində hamımızın bayramıdır. Amma ən çox öndə düzülən balalarımızın bayramıdır.

Bu gün dünyada mövcud olan 57 müsəlman dövlətinin hər birinə baxsanız, əksəriyyətində toqquşma, partlayış baş verdiyini, qan töküldüyünü görəcəksiniz. Şükürlər olsun ki, məhz Azərbaycan bu gün İslam dünyasında bir sabitlik adasıdır. Ölkənin hər yerində əmin-amanlıq, sabitlik, inkişaf var. Təbii ki, bunu istəməyənlər də yox deyil. Amma bizim birliyimiz, xalqımızın müdrikliyi ona gətirib çıxarıb ki, bu cür əmin-amanlıq şəraitində Bilik gününü qeyd edirik. Bu, bizim böyük nailiyyətimizdir”.

Elman Nəsirov qeyd etdi ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi təhsil də inkişaf edir: “Biz bunu 116 nömrəli məktəbin timsalında da görürük. Aidə xanım da qeyd etdi ki, 116 nömrəli məktəb rayon miqyasında da, respublika miqyasında da irəliləyir. Burda çox ciddi nizam-intizam var. Ən başlıcası isə bu məktəbdə sözün həqiqi mənasında dərs keçirlər. Bu da çox vacib məsələlərdən biridir. Məhz 116 nömrəli məktəbi seçməyimiz heç bir halda təsadüfi deyil”.

Millət vəkili bir daha valideynləri, şagirdləri və müəllimləri təbrik etdi: “Sadəcə zəif və ortabab olmayın, savadlı olun, yaxşı oxuyun, özünüzə inanın bütün yollar sizin üçün açıqdır”.

Elman Nəsirov dedi ki, bu gün onun üçün başqa bir cəhətdən də əlamətdardır: “Bu gün qızım Ayan da bu məktəbdə birinci sinfə gedir. Dünən bütün günü deyəcəyi şeiri məşq etdi. O qədər məşq etdi ki, axırda dedim, daha bəsdir məşq etdin, sonra çaşıb eləyərsən. Yəni, daha kifayətdir... ”

Bakı Şəhər Təhsil İdarəsinin nümayəndəsi Firdust müəllim dövlətin təhsilə yetirdiyi diqqətdən söz açdı: “Bu gün birinci sinfə gələn uşaqlar üçün ən önəmli məsələlərdən biri də ondan ibarətdir ki, tədbirdə eyni zamanda iki millət vəkili iştirak edir. Bu da xoş təsüdüfdür”.

Daha sonra dövlət bayrağı təntənəli şəkildə öz yerinə aparıldı. Yeni tədris ilinin ilk zəngi çalındı, sonra birincilər on birincilərin müşayiəti ilə siniflərə yollandılar.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər