16 Sentyabr 2016 17:04
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr ayının 14-də Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətinə dair daxil olmuş şikayətlərlə əlaqədar kollegiya iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, Qurban bayramı günlərində Sumqayıt şəhərində fəaliyyət göstərən ət kəsimi məntəqələrinin bir qismində baytarlıq nəzarətinin zəif təşkil olunduğu vurğulanıb. Bu səbəbdən nazirliyə Sumqayıt şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ilə bağlı vətəndaşlardan narazılıqlar daxil olub.

Ət kəsimi məntəqələrində baytarlıq nəzarətini lazımi səviyyədə təmin etmədiyinə və tabeliyindəki işçilərin yol verdikləri nöqsanların aradan qaldırılması ilə bağlı tədbir görmədiyinə görə Sialə Rüstəmovanın bundan sonra Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsini icra etməsi məqsədəuyğun sayılmayıb.

Kollegiyanın qərarına əsasən Sialə Rüstəmova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

İdarənin aparıcı baytar həkimi Emil Zinharov tutduğu vəzifədən azad edilib, aşağı vəzifəyə keçirilməsi barədə Sumqayıt şəhər Baytarlıq İdarəsinə müvafiq tapşırıq verilib.

İşdə yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Baytarlıq İdarəsinin 2 saylı baytarlıq-sanitariya laboratoriyasının direktoru Əkrəm Ağayev tutduğu vəzifədən azad olunub, laborant Sədulla Qurbanova şiddətli töhmət elan olunub.

Qurban bayramı günlərində Sumqayıt şəhər Baytarlıq İdarəsinin buraxdığı nöqsanlara hüquqi qiymət verilməsi üçün toplanmış ilkin materiallar Sumqayıt Şəhər Prokurorluğuna göndərilib.


Müəllif: