Sovet Azərbaycanı qəzetlərini vərəqlərkən. 11-17 sentyabr...
1923-cü ilin 13 sentyabr nömrəsində “Bakinski Raboçi” yerlərdəki çətin sosial vəziyyətə dair bir neçə məlumat dərc edir. Məsələn, Göyçay qəzasında son həftədə gündəlik tələbat mallarının qiyməti 100 faiz qalxıb. Gəncədə isə vahid naloqun tətbiqinə başlanılandan sonra yerli kommuna təsərrüfatının (“kommunxoz”) kassası boşdur. Vergi yığımı kəskin azalıb, nəticədə dövlət qulluqçuları məvacib ala bilmir və onların vəziyyəti ağırlaşıb. Digər xəbərdə Şamxor (Şəmkir) qəzasının Novo-İvanovka kəndində kəndlilərin ümumi yığıncağının keçirildiyi, iştirak edən 400 nəfərdən 120-sinin kooperativə üzv yazıldığı bildirilir.
1927-ci ilin 11 sentyabr nömrəsində “Bakinski Raboçi” dəniz yolu ilə meşə materiallarının daşınmasındakı çatışmazlıqlardan yazır: “Bu il Xəzərlə meşə materiallarının daşınması çox ləng gedir. Kaspardan verilən məlumata görə, ən gərgin iş sayəsində belə daşınma proqramını yalnız 50 faiz yerinə yetirmək olacaq. Əsas səbəb materialları daşımaq üçün istifadə edilən gəmilərin pis vəziyyətdə olmasıdır. Kaspar yetərincə yeni birjalar sifariş etmək barədə qərar çıxarıb”.
1930-cu il. Kənd şəhəri çörəklə təmin edir, şəhər isə əvəzində kəndə sənaye malları yollayır. 17 sentyabr tarixli nömrəsində “Bakinski Raboçi” çörək tədarükçülərinin sənaye malları ilə təminatında baş verən çatışmazlıq və əyintilərə geniş yer ayırıb. Belə ki, “Azərittifaq” kəndin zəruri mallarla təminatının öhdəsindən gəlməyi bacarmır, sənaye malları çox vaxt Bakı anbarlarında ilişib qalır. Qəzet yazır: “Hazırda Bakı anbarlarında kəndə çatdırılmalı 6 vaqon sabun, 11 vaqon bez, 50 yeşik neft qabı, 500 samovar, 349 yeşik ərik qurusu toplanıb. Niyə bu mallar göndərilməyib? “Azərittifaq”ın işçiləri “bilmirlər” ki, onların anbarlarında nələr var. Onlar kolxozlarda təşkil olunan yeməkxanaların təchizatı üçün Moskvadan çəngəl və bıçaqlar sifariş veriblər, halbuki həmin vaxt “Azərittifaq”ın mərkəzi anbarında 2000 dəst çəngəl-bıçaq var idi”. Yaxud, kənd üçün nəzərdə tutulan sənaye malları alverçilərin əlinə keçir. Məsələn, həmin günlərdə milislər Gəncə dairəsinin Tovuz rayonunda bir qrup kooperativ işçisini həbs edib. Onlar çörək tədarükçülərinə çatmalı olan sənaye mallarını alverçilərə satırmış.
1938-ci ilin 14 sentyabrında qəzet oxucularını Mirzə Fətəli Axundovun Azərbaycan xalqlarının tarixi Muzeyinin ədəbiyyat-əlyazmalar şöbəsində toplanmış şəxsi əşyaları və əlyazmaları ilə tanış edir. Burada böyük mütəfəkkirin 600-dən çox məktubu və əlyazmaları, habelə Axundov ailəsinin fotoqrafiyaları və şəxsi kitabxanası saxlanılır. Axundova məxsus şəxsi əşyalar arasında isə qədimi qılınc, zoğal ağacından hazırlanmış əl ağacı, bürünc stolüstü lampa, Nuxa sənətkarlarının ona bağışladığı divar güzgüsü, dəfn zamanı Axundovun bədəninə örtülmüş örtük, ipəkdən tənbəki kisəsi var... Sadalanan əşyaların bu günkü taleyini öyrənmək maraqlı olardı.
1939-cu il həm də ziyankarlıqla mübarizə ilidir. İstər sənayedə, istərsə də kənd təsərrüfatında. Bu işə öz töhfəsini verərək “Bakinski Raboçi” özünün 11 sentyabr nömrəsində “Heyvandarlara qayğı yoxdur” adlı yazı dərc edir. Yazıda ictimai heyvandarlığın vəziyyəti Qaryagin (indiki Füzuli) rayonundakı təsərrüfatların misalında nəzərdən keçirilir. Əvvəlcə Qaryagin rayonu kolxozçularının partiya və hökumətin kolxozlarda ictimai heyvandarlığın inkişafını gücləndirmək haqda qərarlarını böyük ruh yüksəkliyi ilə qarşıladığı vurğulanır, misal kimi Dədəli kəndində görülən işlərdən danışılır, sonra isə kəm-kəsirlər sadalanır. Məsələn, Seyidəhmədli kəndindəki “26 Bakı komissarı” kolxozunun sədri Qüdrət Hacıyevin başıpozuqluğu nəticəsində 70 baş mal-qaranın məhv olduğu yazılır. “Cəzasız qaldığını görən Qüdrət Hacıyev o qədər azğınlaşıb ki, rüşvət müqabilində mal-qaranı köhnə sahiblərinə qaytarır”, - qəzet qeyd edir. Yaxud, “Möhtəkirlər Mircəfər Bağırov adına klxozda 10, Qərvənd kəndində isə 6 cins malı kəsiblər”. Həmin şəxslərin 1939-cu il reallıqları ilə necə cəzalandırılacaqlarını da təsəvvürə gətirmək olar.
Elə həmin nömrəsində qəzet Abşeronda zəfəran plantasiyalarının salınmasının uğurla həyata keçirildiyini yazır: “Zəfəranın əkilməsinə ötən illə müqayisədə bu il 25 gün tez başlanılıb. Plan artırılıb: plantasiyaların ümumi sahəsi 55 yox, 60 hektar olacaq. Stalin, Dimitrov və Bağırov adına kolxozlar zəfəran əkmək planını 130-200 faiz yerinə yetirib”.
1941-ci ilin 11 sentyabr nömrəsində qəzet partiyanın Ağdam rayon Komitəsinin katibi N.Vəliyevin “Ağdamlıların hədiyyələri” başlıqlı yazısını çap edib. Məqalədə söhbət Ağdam sakinlərinin ön cəbhədə döyüşən əsgərlərə yolladıqları yardımlardan gedir. Bəzi hədiyyələri sadalayaq: “Kitabxanaçı Məstan Zeynalova - iki cüt yun corab və qızıl sırğa. Rayon kooperativ ittifaqının sədri yoldaş Behbud Hüseynov - dörd cüt corab, cemper, qulaqlı papaq, isti alt paltarı. Əmanət kassasının mühasibi T.Qolovçenko - kürk və isti paltar. Müəllimlər Evinin direktoru D.Rəhimova - üç cüt corab və yun cemper. “Azsovxoztrest” birliyindən İ.Hüseynov - 6 kiloqram yun. Hamam müdiri İ.Daşdəmirov - 20 kiloqram yun...”
1945-ci ilin 14 sentyabr nömrəsinin mövzularından biri vacib tikintilərdən olan Mingəçevir su-elektrik stansiyasının fəhlələrinə bütün Respublikadan gələn yardımlar haqqındadır. Qəzet yazır: “Mingəçevir SES tərəfə gün boyu maşınlar və arabalar gedir. Qonşuluqdakı Yevlax, Xaldan, Göyçay, Tərtər, Bərdə rayonlarının kolxozçuları stansiyanın inşaatçılarına meyvə, süd məhsulları, tərəvəz yollayırlar. Bu günlərdə Balakəndən armud, qarpız, yemişlə dolu iki maşın gəlib. Lənkəran, Ağsu və Nuxadan da sovqatlar var”... Yüksək entuziazma söykənən əsl ümumxalq tikintisi.
Elə həmin nömrəsində qəzet incəsənət ustalarının pambıqçılara dəstək olmaq üçün rayonlara gəldiyindən yazır. Məsələn, xanəndə Seyid Şuşinski və saz ustası Cəvahir Şuşinskaya Ucar və Kürdəmir pambıqçıları, Kirovabad filarmoniyasının artistləri isə Jdanov (indiki Beyləqan) və Qasım İsmayılov (indiki Goranboy) kolxozçuları qarşısında çıxış edirlər.
1946-cı ilin 15 sentyabrında “Bakinski Raboçi” çoxuşaqlı analara dövlət qayğısından yazır. Məsələn, Ağdaş rayonunda 69 nəfər çoxuşaqlı ana hökumət mükafatları və “Qəhrəman Ana” ordeni ilə təltif olunub. Onların cərgəsində 12 uşaq anası Gülpəri Səmədova və 8 uşaq anası Nazı Qazıyeva da var. Ümumiyyətlə, həmin il təkcə Ağdaşda çoxuşaqlı analara 500 min manat müavinət ödənilib.
1949-cu ilin 13 sentyabr nömrəsində “Nəşriyyatın məsuliyyətsizliyi” adlı məlumat dərc olunub. Bu məlumat ötən dövrlərdə kitab nəşrinə və orada buraxılan yanlışlıqlara necə məsuliyyətlə yanaşıldığının illüstrasiyası da ola bilər. Beləliklə, “Uşaq-gənclər Nəşriyyatı”nda azəri dilində 18-ci əsr rus yazıçısı Dmitri Fonvizinin “Komediyalar” kitabı çapdan çıxıb və ön sözün müəllifi Q.Musayev Fonvizinin “Nadan” komediyasını 1871-ci ildə tamamladığını yazıb. Kuryoz ondadır ki, Fonvizin 1792-ci ildə vəfat edib və deməli, komediyanı öz ölümündən 79 il sonra başa vurub. Məlumatda deyilir: “Nəşriyyatın bu cür məsuliyyətsizliyi oxucularda qanuni hiddət doğurmaya bilməz”... Eh, bu günü görsəydilər nə deyərdilər?!..
1953-cü ilin 17 sentyabrında qəzetdə “Dağlarda işıq” yazısı yer alıb. Söhbət Gədəbəyin ucqar dağ kəndlərinin elektrikləşdirilməsindən gedir. Gədəbəyin Balakənd kəndində gücü 150 kilovatt olan kolxoz su-elektrik stansiyasının tikintisi başa çatıb və 500 evə işıq verilib. Dağ kəndi olan Novo-Saratovka da işığa qərq olub, üstəlik kənddə radio qovşağı işləməyə başlayıb.
1960-cı il həm də drujinaçılar hərəkatının vüsət almağa başladığı vaxtdır. Qəzet 12 sentyabrda Kirovabadda (Gəncə) drujinaçıların fəaliyyətindən bəhs edən yazı ilə çıxış edir. Şəhərdə ilk belə dəstələr bir il əvvəl təşkil olunmağa başlasa da, artıq onun sıraları genişlənərək min nəfəri ötüb - onların 250 nəfəri kommunist, qalanları isə komsomolçulardır. “Xalq drujinaçıları ictimai asayişi qoruyur və sosialist birgə yaşayışı qaydalarını pozanlarla mübarizə aparır” - qəzet qeyd edir. Nümunə kimi Kirovabad dəmiryolçularının drujinasının fəaliyyəti göstərilir. Onlar dəmiryol vağzalı ərazisində bir neçə cinayətkarı zərərsizləşdirib, vağzalda keşik çəkir, qatarları qarşılayır, vağzalyanı ərazidə gecə reydləri keçirir, üstəlik də “Kirpi dəmiryolu ilə gedir” adlı divar qəzeti buraxırlar. Sonda qəzet təkliflə çıxış edir: “Yerli Sovetin icraiyyə komitəsi öz büdcəsində yaxşı drujinaçıları həvəsləndirmək üçün müvafiq vəsaitlər nəzərdə tutmalıdırlar”. Məlumdur ki, drujinaçılar ictimai əsaslarla çalışır və məvacib almırdılar.
1981-ci ilin 12 sentyabrında qəzet mədəniyyət xəbərlərindən Məşədi Əzizbəyov adına Akademik Dram Teatrının səhnəsində bir gün əvvəl səhnəyə qoyulan “Xurşidbanu Natəvan” tamaşasından söz açır. Bu tamaşa ilə Azərbaycanın qocaman səhnə kollektivi özünün 108-ci mövsümünü açıq elan edir. Əsərin müəllifi İlyas Əfəndiyev, rejissoru Mərahim Fərzəlibəyov, rəssamı isə Elçindir. Natəvan rolunu Amalya Pənahova ifa edir...