Mitinq qətnamə oxunduqdan sonra başa çatıb.
Rəsmi məlumata görə, aksiyada 500 nəfər iştirak edib.
Müsavat Partiyasının sədri Arif Hacılı sentyabrın 24-ə planlaşdırılan mitinqin təxirə salındığını bildirib.
Çox güman ki, Müsavat rəhbərliyi bugünkü mitinqə çox az sayda adamın gəldiyindən belə bir qərar qəbul edib.
16:25
Müsavat Partiyasının Divan üzvü Osman Kazımov çıxışında aprel şəhidlərinə sayğısızlıq nümayiş etdirib. O, Azərbaycan ordusunun aprel əməliyyatlarında qazandığı böyük uğuru `kiçik bir hadisə` kimi təqdim edib.
Müsavat üzvünün ordumuzun illər sonra qazandığı aprel qələbəsini `kiçik, şişirdilmiş hadisə` kimi qələmə verməsi vətən uğrunda şəhid olan əsgərlərimizin, zabitlərimizin ruhuna böyük hörmətsizlikdir, sayğısızlıqdır.
***
16:01
Müsavat partiyasının bu günə təyin etdiyi mitinq başlayıb.
Publika.az xəbər verir ki, mitinq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda keçirilir.
Milli Şura tərəfdarları, eləcə də digər müxalifət partiyalarının təmsilçiləri mitinqdə iştirak etmirlər.
Mitinqin başlamasından hələ yarım saat keçməyib, insanlar kütləvi şəkildə “Məhsul” stadionunu tərk edirlər.
Çıxışlar mitinqin mövzusundan kənar məsələlər ətrafında qurulub. (Azvision.az)