19 Sentyabr 2016 11:18
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son statistika həyəcan doğurur. Bu ilin avqust ayında Azərbaycanda ümumilikdə 75 qida zəhərlənməsi baş verib.

Bir ayda qida zəhərlənməsindən 190 nəfər zərər çəkib. Ötən ayın nəticələrinə əsasən, ölkədə 2 botulizm hadisəsi qeydə alınıb, 2 nəfər zərər çəkib. Zəhərlənmələr zamanı ölüm faktı qeydə alınmayıb. Botulizm hadisəsi sakinlərin evdə hazırladıqları tutmalardan olub.

Ötən ay bu il ərzində baş verən qida zəhərlənmələrindən zərərçəkənlərin sayına görə ən yüksək göstəricilərin qeydə alındığı ay olub. Ötən ay 3 kütləvi zəhərlənmə hadisəsi baş verib, 100-dən çox insan zəhərlənib.

Qida zəhərlənməsi nə üçün artır?

Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, ötən ay zəhərlənmələrin sayının çoxalmasına Nərimanov rayonunda şirkətlərin birində çirkli qida səbəb olub: “Beyləqan və Göyçay rayonlarında isə zəhərlənmə şadlıq evlərində baş verib. Götürülmüş nümunələrdə qida zəhərlənmələrinə səbəb ola biləcək bakteriyalar aşkarlanıb. Bölgələrdə şadlıq sarayları gigiyenik qaydaları ciddi şəkildə pozur”.

İmran Abdullayevin sözlərinə görə, qida zəhərlənmələri daha çox ev şəraitində hazırlanan məhsullardan baş verir: “Məsələn, bölgələrdə sahibkarlar şadlıq evlərini icarəyə verirlər, insanlar da evdə yemək bişirib gətirir, toy edirlər. Qaydalara riayət olunmadığına görə zəhərlənmə olur. Çirklənmiş qidalar da bakteriyalarla zənginləşir, bu isə insanların həyatına təhlükə yaradır”.

Temperatura düzgün əməl et!

Şöbə müdiri deyir ki, insanlar qidaların saxlanma temperaturuna düzgün əməl etməlidirlər: “Soyuq qidaların 6 dərəcədən aşağı temperaturda, bişmiş qidaların 65 dərəcədən yuxarı, isti halda saxlanması məsləhətdir. Temperatura diqqət göstərilməlidir. Bişmiş qidadan mümkün qədər tez istifadə olunmalıdır”

Qida zəhərlənməsinin ən ağır növünün botulizm hesab olunduğunu deyən İmran Abdullayev qeyd edir ki, bu növ zəhərlənmə düzgün şəraitdə hazırlanmamış konservlərdən olur: “Oksigen olmayan şəraitdə botulotoksin əmələ gəlir, insanda botulizm adlı xəstəlik baş verir”.

“Heç bir dövlət orqanının ixtiyarı yoxdur ki...”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda 800-ə qədər məhsul var ki, heç bir sertifikat almadan istehsal olunur: “Bizə standarta uyğun olmayan məhsullar barədə məlumatlar gəlir. Məsələn, “Kardinal” adlı araq var ki, xarici adi ilə markalanıb, satılır heç bir standartı yoxdur”.

Eyyub Hüseynov deyir ki, bu cür halların qarşısını almaq üçün ölkədə qida təhlükəsizliyini təmin edən qanun qəbul edilməlidir: “Biznes qurumları üçün toxunulmazlıq yaradılanda ölkənin əmtəə bazarı sürətlə çirklənir. Heç bir dövlət orqanın ixtiyarı yoxdur biznes qurumuna desin ki, sən öz zəhərli malını niyə satışa buraxırsan. Fikrimcə, qanunlarda olan boşluqlar öz həllini tapmalıdır”.

Azad İstehlakçılar Birliyinin sədrinin sözlərinə görə, sertifikatlaşdırmanın Səhiyyə Nazirliyinin ixtiyarında olması qida zəhərlənməsi probleminin həllinə maneçilik törədir: “Mən neçə illərdir bu sahədəyəm. Bir dəfə görməmişəm, Səhiyyə Nazirliyi qida zəhərlənmələri barədə məlumat verəndə bildirsin ki, zəhərlənmə filan şirkətin məhsulundan baş verib”.

Qida zəhərlənməsi zamanı ilkin yardım kimi nə etmək lazımdır?

Həkimlər məsləhət verir ki, qida zəhərlənməsi müşahidə olunan zaman ilk növbədə mədə-bağırsağı yumaq (çoxlu miqdarda sodalı, yaxud marqanslı su içmək), bağırsağı təmizləyici imalə etmək lazımdır. Bu mümkün olmazsa, hər 10 kiloqram bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib, onu 1stəkan suya qatıb içmək fayda verər. Məsələn, çəkiniz 80 kiloqramdırsa, 8 dərmanı əzib suda içmək vacibdir. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin qarşısı alınır.

Əgər zəhərlənmə inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Xəstənin təzyiqi düşə, infeksion toksiki şok keçirə bilər.

Sonda qeyd edək ki, bu ilin 7 ayında 396 qida zəhərlənməsi baş verib. Nəticədə 502 nəfər zəhərlənib, 1 nəfər dünyasını dəyişib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər