Bu il dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlərin başlama vaxtında dəyişiklik edilib.
Təhsil Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq.
Bu il oktyabr ayının 1-i şənbə gününə təsadüf etdiyindən məşğələlər oktyabrın 3-dən başlanacaq.
Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına aparılacaq.
Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib.
İlhamə ƏBÜLFƏT