21 Sentyabr 2016 17:29
1 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətən, Bakı kəndləri və buranın adamları haqqında elə danışırlar, doğrusu, Nardarana çəkinə-çəkinə ayaq basdıq. Ancaq elə ayaq basan kimi üzübəri gələn balaca məktəbli uşaqların salamlaması bizə ürək-dirək verdi.

Bilmirik gedişimiz günorta saatlarına təsadüf etdiyindəndi, ya yox, gözümüzə adam dəymirdi. Hər kəs evində-eşiyində, işində-gücündə...

Dayanacaqda avtomobillərə nəzarət edən oğlanı gördük, ilk onunla söhbətləşək dedik. Kamilin sözlərinə görə, nardaranlıların əsas məşğuliyyəti təsərrüfat işləridir. Onların dolanışığı burdan çıxır. Kənd sakinlərinin əksəriyyəti həyətində parnikdə tərəvəz, gül əkib satır. Gülçülüklə məşğul olanlar daha çoxdur, yetişdirdikləri gülləri Türkiyəyə də ixrac edirlər.

Nardaran kəndində üç məktəb, üç bağça var. Kamil deyir, yalan söhbətdir ki, burda uşaqları təhsildən yayındırırlar, məktəbə göndərmirlər. Kimin məktəb yaşlı uşağı varsa, təhsil alır.

Daha sonra yaxınlıqdakı Rəhimə xanım ziyarətgahına yollandıq. Ziyarətgahın o biri üzü artıq bağ massiviydi və kənd sakinləri bağlarına getmək üçün bu ziyarətgahdan keçməli olurlar. Ziyarətgahın mühafizəçiləri bağ adamlarını tanıyır və onları sorğu-sualsız ötürür. Ancaq tanış olmayan sima gördükdə şəxsiyyət vəsiqəsi tələb edilir, kim olduqları, niyə gəldikləri soruşulur. Bu sorğu-sualın əsas obyektləri də turistlər olur.

Çörək alıb evinə gedən, ayaq saxlayıb ziyarətgahın həyətində dincini alan Şakir dayı deyir ki, bura hər gün turistlər gəlir: almanlar, ingilislər, ərəblər: “Onların da dilini bilmirik ki, bir kəlmə kəsək. Eləcə görürük ki, maraqla baxırlar, şəkil çəkirlər, qəbirləri ziyarət edirlər”.

Qəbir demişkən, ziyarətgahın həyətində addımlayanda ayağının altında çərçivələrədə ad-soyadlar, doğum və ölüm tarixləri görürsən. Şakir dayının sözlərinə görə, o vaxt burda yerləşən qəbiristanlıq plana düşüb sökülüb və burdakı qəbirlər də başqa yerə köçürülüb: “Ancaq qəbirləri burda olan adamların adları xatirə olaraq yazılıb ki, bilinsin”.

Şakir dayı təqaüdçüdür. İki qızını gəlin köçürən həmsöhbətimiz həyat yoldaşıyla burda bağda yaşayır. Deyir, həyətdə olandan-qalandan əkib becəririk, bir də dövlətin verdiyi təqaüdlə dolanırıq: “Hələ qızlarıma da kömək eləyirəm. Onlar cavandı, bir gün işləyəndə bir gün işləmirlər. Gərək əl tutasan...

Səhər yuxudan dururam, bağda-bağatda işləyirəm, sonra çıxıram evə lazım olanı alıb qayıdıram. Çayımı içirəm, televizora baxıram. Bir də axşam evdən çölə çıxıram, qonşularla söhbətləşirik. Həyatımız belə keçir”.

Burdan ötüb keçib, kəndi gəzməyə başladıq. Hərdənbir gözə dəyən şüşəbənd evləri, "parnikləri", həsir zənbilli adamları, meyvə ağaclarını, özünəməxsus balaca dükanları görəndə, sakitliyi duyanda bilirdik ki, şəhərdən az da olsa uzaqdayıq. Görüb çəkdiklərimizi sizə də təqdim edirik. Buyurub baxa bilərsiniz...

Sevinc
Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər