Səhiyyə Nazirliyi Azərbaycanda 12 yaşlı uşağın cinsiyyətinin dəyişdirilməsi ilə bağlı cərrahiyə əməliyyatının keçirilməsinə münasibət bildirib.
Nazirlikdən APA-ya bildirilib ki, qanunda belə əməliyyatların qadağan olunması ilə bağlı bənd yoxdur: "Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən özəl xəstəxananın, klinikanın stasionar və ya ambulator fəaliyyət növünə və profilinə görə müəyyən əməliyyatların icrasına rəy verilir".
Qeyd edək ki, axşam.az saytı Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyətinin dəyişdiriləcəyi barədə məlumat yayıb.
Əməliyyatı keçirəcək plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini söyləyib: “Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Səhiyyə Nazirliyindən və Məhkəmə Tibbi-Ekspertizasından əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı. Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.
Əlavə edək ki, əməliyyat artıq keçirilib.
***
Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdiriləcək.
Teleqraf.com Axşam.az-a istinadən xəbər verir ki, əməliyyat özəl klinikalardan birində gerçəkləşdiriləcək.
Əməliyyat zamanı uşaq qadın ediləcək.
Əməliyyatı gerçəkləşdirəcək plastik-cərrah Dilqəm Məmmədov prosedurun qanuni yollarla edildiyini qeyd edib. Mütəxəssis bildirib ki, əməliyyat az sonra başlayacaq:
“Bu insan kefindən əməliyyat etdirən deyil. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində buna hermofroditizim deyilir. Xəstənin normal genotipi, xromosomları, xarici görünüşü qadındır. Yəni "xy" yox, "xx" daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirəcəyik. Bunu Türkiyədə genetik labarotoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq.
Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı. Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi”.