22 Sentyabr 2016 18:27
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəşrlərini qeyri-qanuni yollarla çap etdirənlərə qarşı mübarizə aparılır.

Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil edirlər.

Mütəmadi keçirilən reydlər zamanı məlum olub ki, İbrahimov Anar Nəriman oğlu və Şıxəliyeva Mirvari Bahadır qızı onlara məxsus mağazalarda hüquqları “Abituriyent”in redaksiyasına məxsus kitabların pirat nüsxələrinin qeyri-qanuni üsulla satışını həyata keçirirlər.

Qeyri-qanuni fəaliyyətin qarşısının alınması xahişi ilə “Abituriyent” jurnalının redaksiyası Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə müraciət edib və Agentlik kitabların pirat olması, onların istehsalı və satışında müəllif hüquq qanunvericiliyinin pozulması barədə müvafiq rəy verib. Adları qeyd olunan şəxslər redaksiyası ilə kitabların buraxılması və satışı ilə bağlı heç bir müqavilə bağlamayıb, bununla da “Müəlliflik hüququ və əlaqəli hüquqlar” haqqında Azərbaycan Respublikası qanununun 14-cü, 15-ci və 30-cu maddələrinin tələblərini pozublar.


Qeyd olunanlarla əlaqədar “Abituriyent” jurnalı İbrahimov Anar Nəriman oğlu və Şıxəliyeva Mirvari Bahadır qızına (üçüncü şəxs: Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi) qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə kompensasiya ödənilməsi, pirat nüsxələrin satışdan yığışdırılaraq məhv edilməsi və satışının qadağan edilməsi” tələbi ilə məhkəməyə müraciət edib.

2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2 (82)-2209/2015 saylı iş üzrə qəbul etdiyi 17 noyabr 2015-ci il tarixli qətnamədə cavabdehlərə məxsus mağazalarda “Abituriyent” jurnalı redaksiyasının hüquq sahibi olduğu kitabların aşkar edilmiş pirat nüsxələrinin satışdan çıxarılaraq məhv edilməsi, kitabların pirat nüsxələrinin satışının qadağan edilməsi, Bakı Apelyasiya Məhkəməsinin qərarında isə kitabların pirat nüsxələrinin satışının həyata keçirilməsi nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq cavadehlərin hər birindən pul kompensasiyasının tutularaq “Abituriyent”in redaksiyasına ödənilməsi müddəası öz əksini tapıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent” jurnalı bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək.

İlham ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər