Moskvada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov video-müraciət yayıb. Teleqraf.com xəbər verir ki, “Youtube” video-hostinqində yerləşdirdiyi müraciətdə jurnalist sentyabrın 26-29-da Sankt-Peterburq Dövlət Ermitajında Şərq numizmatikasına həsr olunmuş “ICON II” adlı ikinci beynəlxalq konfransın keçiriləcəyini bildirib.
F.Abbasov qeyd edib ki, Azərbaycan üçün vacib bir məsələ onun diqqətini cəlb edib: “Konfransın sonuncu günü – sentyabrın 29-da, saat 13:30-dan 14:00-dək Aleksandr Akopyan adlı erməni alimin “1747-1827-ci illərdə Şərqi Ermənistan (İrəvan, Naxçıvan, Gəncə və Qarabağ) xanlığının sikkə siyasəti” mövzusunda məruzə etməsi nəzərdə tutulub”.
Jurnalist erməni aliminin bu mövzuda məruzə etməsinin onda bəzi suallar doğurduğunu vurğulayıb və bu sualları Dövlət Ermitajının rəhbərliyinə ünvanlayıb: “Dövlət Ermitajının baş direktoru, hörmətli alim Mixail Piotrovski, məgər Siz bilmirsiniz ki, “xanlıq” orta əsrlərdə türk xalqlarına məxsus dövlət quruluşu, İrəvan, Naxçıvan, Gəncə və Qarabağ xanlığının əhalisi də azərbaycanlı olub?! Orta əsrlərdə Azərbaycan ərazisində heç bir erməni xanlığı, heç bir Şərqi Ermənistan olmayıb. Ona görə də biz tələb edirik ki, Aleksandr Akopyanın bu provokasiyalı çıxışının qarşısı alınsın, onun məqaləsi və tezisləri məruzələr siyahısından çıxarılsın. Ermitaj rəhbərliyi bu səpkidə məruzəni Dövlət Ermitajında müzakirəyə çıxarmağa icazə verdiyinə görə rəsmi izahat versin və ictimai şəkildə üzr istəsin”.
F.Abbasov müraciətin sonunda Dövlət Ermitajının əlaqə vasitələrini qeyd edərək, hamını bütün azərbaycanlıları bu provokasiyaya etiraz etməyə çağırıb.
Qeyd edək ki, Moskvada yaşayıb fəaliyyət göstərən A.Akopyan sözügedən məruzəni Kazanda yaşayıb fəaliyyət göstərən həmkarı Pavel Petrovla birgə hazırlayıb. Maraqlıdır ki, konfransa Azərbaycandan və azərbaycanlılardan heç kim dəvət olunmayıb.
“Gəlin, vətəndaş mövqeyimizi sərgiləyək və bu təxribatı cavabsız qoymayaq”, - F.Abbasov qeyd edib.
Səxavət