Azərbaycana aid dinləmədə “Dağlıq Qarabağ“ və “Ermənistan“ ifadələri yalnız bir dəfə, həm də amerikalı tərəfindən səsləndirilib…
Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirildi. Həmin Dinləməyə bu linkdən baxa bilərsiz:
https://humanrightscommission.house.gov/events/hearings/azerbaijan-do-human-rights-matter
Tədbirdə Xədicə İsmayıl (Skype vasitəsilə), Türkel Kərimli (Əli Kərimlinin oğlu) və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç çıxış edib. Bu barədə Azərbaycan mətbuatında birtərəfli məlumatlar yayıldı.
İqtidar mətbuatı əsasən o məqamı qabartdı ki, dinləmə zamanı iştirakçıların əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olub. Tədbirin video-görüntüsünə istinadən onu da vurğuladılar ki, erməni diasporunun fəallarından olan Armen Saakyan da dinləmələrdə iştirak edib. O, Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. ABŞ-dakı erməni diasporunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biri kimi tanınır.
Təbii ki, bütün bu iddiaların bir qismi əks-təbliğat kampaniyasından başqa bir şey deyildi. Qərb ölkələrində bu kimi dinləmələdə istənilən adam iştirak edə bilər. Amerikada bu necədir, dəqiq deyə bilmərəm. Ancaq İsveçrədə dinləmələrə giriş pulludur. Tədbirin reytinqinə əsasən giriş haqqı müəyyən olunur. Adam, tutaq ki, 50 dollar ödəyir və dinləmələrdə iştirak edir.
Yəni, Bako Saakyanın orada iştirakı faktına görə, Türkel Kərimlini ittiham etmək düz deyil. Ancaq onu da etiraf etməliyik ki, həmin tədbirə və onun gedişatına ermənilərin təsir imkanları aşkar görünürdü. Nə Xədicə xanım, nə də Türkel bəy çıxışlarında bir dəfə də “Dağlıq Qarabağ“, “Ermənistan“, “erməni“ sözlərini dillərinə də gətirmədilər. Ən azı, orada Dağlıq Qarabağdakı qondarma rejimin ağır cəzaya məhkum etdiyi Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yığcam məlumat verilməli idi. Ancaq onlar heç nə demədilər. Təkcə ona görə yox ki, zalda oturan çoxluq ermənilərin maraqlarının ifadəçisi idi. Başqa, daha önəmli bir səbəb vardı...
Dinləməni demokrat-konqresmen Cim Makqavern aparırdı. O, isə ermənilərin ABŞ-dakı əsas havadarlarından biridir. Fakt kimi onun 2007-ci ili dekabrında Konqresinin aşağı Nümayəndələr Palatasına ünvanladığı məktubu ortaya qoya bilərik. Linki təqdim edirik. Maraqlananlar, oxuya bilər. Sənədin adı belədir: “Congressman Jim McGovern Urges House Colleagues to Recognize Armenian Genocide”
http://mcgovern.house.gov/media-center/press-releases/congressman-jim-mcgovern-urges-house-colleagues-to-recognize-armenian
“Nə Xədicə İsmayıl, nə də Türkel Kərimli çıxışlarında bir dəfə də “Dağlıq Qarabağ“, “Ermənistan“, “erməni“ sözlərini dillərinə də gətirmədilər...”
Onu da deyim ki, Azərbaycan iqtidarında konqresmen Cim Makqaverni tanımalıdırlar. Ən azı ona görə ki, o və respublikaçı konqresmen Frank Volf (onların hər ikisi Tom Lantos İnsan Hüquqları Komissiyasının həmsədridir) 2011-ci ilin dekabrında Azərbaycan prezidentinə müraciət ediblər, siyasi məhbus kimi tanıdıqları Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdən azad olunmasını istəyiblər. Prezident bu xahişi nəzərə alaraq, qardaşları əfv edib. Maraqlıdır ki, “siyasi məhbus” adlandırılan milyarder qardaşlar əfv olunduqdan sonra bir dəfə də olsun siyasi bəyanatla çıxış etməyiblər. Ümumiyyətlə, susmağa üstünlük veriblər. Həmin müraciətin linkini də təqdim edirəm.
https://humanrightscommission.house.gov/sites/tlhrc.house.gov/files/documents/2011dec13_Aliyev_brothers_0.pdf
Konqresmen Frank Volf haqqında önəmli bir məqama da toxunmaq gərəkdir. Bu qoca siyasətçi radikal dini baxışlara malik birisidir. Düşünün ki, o, ABŞ Konqresinə rəsmi məktub göndərib. Və yazıb ki, filan, filan illərdə Sumqayıt, Kirovabad (Gəncə) və Bakıda ermənilərə qarşı kütləvi talanlar olub. Biz həmin hadisələri yad etməliyik. Daha sonra bir az da irəli gedərək deyib ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq lazımdır... İndi Azərbaycan silahlanır ki, Dağlıq Qarabağa yenidən nəzarəti ələ keçirsin. Buna imkan vermək olmaz…
Linki təqdim edirəm.
https://anca.org/press-release/reps-wolf-and-chu-commemorate-azerbaijani-attacks/
Yəni, ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasının iki həmsədrinin ikisi də bizim millət olaraq hüququmuzu tanımaq belə istəmir. Ona görə də əminliklə demək olar ki, bu konqresmenləri Azərbaycanda insan hüquqlarının vəziyyəti məhz erməni maraqlarının ödənilməsi baxımından maraqlandırır…
“Türkel Kərimli çıxışında dedi ki, sentyabrın 11-də keçirilmiş mitinqdə 15 min nəfər iştirak edib... İştirakçıların sayını ən azı, iki dəfə şişirtməsi ondan xəbər verir ki, bu gənc siyasətçi artıq yalan danışmağı bacarır”
Acınacaqlı mənzərədir. Ermənidən daha çox erməni olan bu konqresmenlərə Azərbaycanı təmsil edən Türkel bəy və Xədicə xanım hesabat verirdi. Və onların söykəndiyi erməni maraqlarını maksimum nəzərə almaqla danışırdılar…
Çıxışlara da nəzər salmaqda fayda var. Türkel Kərimli dedi ki, mən ona görə burada oturmuşam ki, mənim atama 10 ildən çoxdur ki, xaricə çıxmağa pasport vermirlər. Altını qırmızı cızaraq dedi ki, İlham Əliyev monarxiya qurmaq istəyir və oğlunu iqtidara gətirməyi düşünür...
Amma bu iddianı ortaya atanda düşünmək lazım deyilmi ki, Əli Kərimli varis məsələsində hansı yanaşmanı sərgiləyir? Öncə bu suala cavab verilməlidir. Niyə məhz Türkel Kərimli dinləmələrdə iştirak edir? Yəni, Əli Kərimlinin oğlu olmaq o deməkdirmi ki, o, AXCP sədrinin yerinə bu təşkilatı xaricdə təmsil etməlidir? Belə şey olarmı? Diktaturada bu, normaldır. Ancaq özünü demokrat sayan adam “oğlum, mən gələ bilmirəm, sən get, dinləmədə məni təmsil et”, deyə bilməz ki…
Nədən demokratiyadan dəm vuran AXCP həmin tədbirə partiya xətti ilə bir funksioner göndərməyib? Bəlkə AXCP-də belə kadrlar yoxdur? Var. Sadəcə, məsələyə yanaşma dədə-baba qaydası ilə həyata keçirilib.
Bir məqamı da deyim. Türkel Kərimli çıxışında qeyd etdi ki, sentyabrın 11-də keçirilmiş mitinqdə 15 min nəfər iştirak edib... Ən azı, iştirakçıların sayını iki dəfə şişirtmək ondan xəbər verir ki, bu gənc siyasətçi artıq yalan danışmağı bacarır. Bu isə o deməkdir ki, biz bundan sonra onun bu kimi yalanların çox eşidəcəyik. Çünki bu keyfiyyət Azərbaycan siyasətçiləri üçün son dərəcə gərəklidir…
Xədicə İsmayılova “Azadlıq“ radiosunun əməkdaşı kimi təqdim olunsa da, özünü daha çox Əli Kərimlinin müşaviri kimi aparırdı. Yəni, AXCP-nin maraqlarında olan məqamları qabardırdı. Xədicə xanım və Türkel bəy bu məsələdə sinxron hərəkət edirdilər. Tədbirdə yalnız bir dəfə Müsavat Partiyasının adı çəkildi. Türkel Kərimli siyasi məhbuslardan danışanda dedi ki, Müsavat başqanının müavini Fərəc Quliyev də həbsdədir…
Bu iki məruzəçi əsasən bu məqamları vurğuladılar:
1) “Azadlıq“ qəzeti Azərbaycanda yeganə müstəqil qəzetdir. Hökumət süni maneələrlə onu məhv etmək istəyir. Qəzetə dəstək vermək lazımdır;
2) “Meydan TV“ və “Azərbaycan saatı“ Əliyev rejimi ilə mübarizədə uğurlara imza atıb. Yəni, maliyyə yardımları zamanı bu məqam nəzərə alınmalıdır;
3) Həbsdə olan islamçılarla bağlı narahatlığı aradan qaldırmaq üçün dönə-dönə vurğulandı ki, islamçıların lideri Taleh Bağırzadə demokratiyaya təhlükə deyil. Əksinə, dindarlar da Azərbaycanda demokratik hərəkata dəstək verirlər. Elə buna görə də onları həbsə atıblar. Xədicə xanım isə onu da qabartdı ki, Azərbaycanda siyasi məhbuslara o qədər də işgəncə vermirlər. Öz təcrübəmdə də bunun şahidi olmuşam. Ancaq islamçı siyasi məhbuslara ən qəddar şəkildə divan tutulur…;
4) Azərbaycanda 138 nəfər siyasi məhbus var. Ancaq iqtidar ölkədə siyasi məhbus olmadığını iddia edir.
Bizim media da o vurğulandı ki, Xədicə xanım həm də ABŞ-ın Azərbaycandakı səfirliyin və şəxsən səfir Robert Sekutanın fəaliyyətini kəskin tənqid edib. Onları "vətəndaş cəmiyyətinə lazımi dəstək verməməkdə və Azərbaycan hökumətindən qorxmaqda" günahlandırıb. Doğrudur. Ancaq bu, hamısı deyil. Xədicə xanım Fransa səfirliyini daha kəskin ifadələrlə ittiham edib. Sözünün canı o oldu ki, Fransa səfirliyi qapı-pəncərəni bərk-bərk bağlatdırıb ki, birdən bir müxalifətçi səfirliyin yanından keçər, bu tərəflərdə şəkil-zad çəkdirər. Səfirliyin düşüncəsi budur ki, iti görüm, qurdu görüm, ancaq Azərbaycan müxalifətçisini bu həndəvərdə görməyim. Vətəndaş Cəmiyyəti təmsilçisini isə heç görməyim. Xədicə İsmayılova Almaniya və Norveç səfirliklərinin də adını müxalifətə və Vətəndaş Cəmiyyəti fəallarına arxa çevirənlər sırasında çəkib. Hətta onu da dedi ki, Azərbaycan iqtidarı seçkilərin nəticəsini saxtalaşdırır və Qərb saxta nəticələrə görə Azərbaycan prezidentini təbrik edənlər sırasında birinci olur. Ən azı bunu etməməlidir.
Yəni, Xədicə xanım etiraf etdi ki, ABŞ başda olmaqla, heç bir Qərb ölkəsi Azərbaycanda müxalifətə nəinki dəstək vermir, tam əksinə, İlham Əliyev iqtidarının yanında yer alır. Bu məqam Azərbaycanın bugünkü siyasi reallığını tam çılpaqlığı ilə özündə əks etdirir…
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariçin çıxışında isə bir məqam diqqətimi çəkdi. O, bildirdi ki, referendumdan dərhal sonra Azərbaycanda prezident seçkiləri keçiriləcək. Keçmiş səfir bu tələsikliyi iki amillə əsaslandırdı:
1) Azərbaycan iqtisadiyyatı fəlakət həddindədir;
2) Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistan arasında spontan şəkildə müharibə başlaya bilər….
Bax, bu dinləmədə “Dağlıq Qarabağ“ və “Ermənistan“ ifadələri yalnız amerikalı tərəfindən özü də bu cür, səsləndirildi…
“Konqresmen Frank Volf radikal dini baxışlara malik birisidir. O, ABŞ Konqresinə rəsmi məktub göndərib və yazıb ki, filan ...illərdə Sumqayıt, Kirovabad (Gəncə) və Bakıda ermənilərə qarşı kütləvi talanlar olub. Biz həmin hadisələri yad etməliyik”
“Azərbaycan iqtidarı səmimi olaraq əmindir ki, Amerikanın Azərbaycana ehtiyacı Azərbaycanın Amerikaya ehtiyacından daha böyükdür”. Sabiq səfirin bu fikri də mənə çox ilginc göründü…
O, dedi ki, ABŞ Bakıdakı səfirini müvəqqəti olaraq geri çağırmalıdır (İnsan Hüquqları ilə bağlı məsləhətləşmələr üçün, həm də siyasi təzyiq vasitəsi kimi), Azərbaycanın OPEC kimi təşkilatlarda olan hesabındakı pulları yalnız siyasi məhbuslar azadlığa buraxıldıqdan sonra, ödənilməlidir…
Sonda onu da qeyd edim ki, bu tədbirlə eyni gündə ABŞ Helsinki Komissiyası bəyanat yayaraq, 8 sentyabr tarixində konqresmen Kris Smit tərəfindən Azərbaycan rəhbərliyinə ünvanlanmış məktubun mətnini ictimaiyyətə açıqladı. Məktuba Kris Smitlə yanaşı, ABŞ Konqresində Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan konqresmen Adam Şiff imza atmışdı. Bu konqresmenlərin də ABŞ-dakı erməni diasporuna bağlılığı ortadadır. Ötən yazılarımda mən bu məqamlara toxunduğumdan, üstündən keçirəm.
Son olaraq onu deyə bilərik ki, bu Dinləmə bir daha onu nümayiş etdirdi ki, Qərb İlham Əliyevin yanındadır, Azərbaycanla bağlı arzuolunmaz işləri isə ABŞ-da ermənilərdən daha çox erməni olan konqresmenlər gündəmə gətirirlər. Belə şeylərin isə bizim iqtidar üçün elə bir önəmi yoxdur və belə xırda şeylərə görə də narahat deyillər. Bu dinləmədə çıxış edən soydaşlarımızın da Amerika auditoriyası qarşısında erməni amilini nəzərə alaraq çıxış etməsi, təəssüf doğurmaya bilməz. Erməniyə nökərçilik etməyi özünə şərəf bilən konqresmenə Azərbaycanın dərdlərini danışmaq absurdur…
Bəli, Azərbaycanın son dərəcə ciddi və radikal islahatlara ehtiyacı var. Bunsuz ölkəmizin stabil inkişaf mərhələsinə qədəm qoyması mümkün deyil. Ancaq düşmənimizin dostuna şikayət etməklə bu iş çözülməz.
Elbəyi Həsənli
Musavat.com