24 Sentyabr 2016 16:22
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Rusiya Dövlət Ermitajına etiraz məktubu göndərib.

Rusiya Dövlət Ermitajında sentyabrın 26-29-da keçiriləcək II Beynəlxalq Şərq numizmatikası konfransının proqramına A.Akopyanın və P.Petrovun “Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747-1827)” adlı məruzəsinin daxil edilməsi ilə bağlı Ermitajın direktoru M.B.Piotrovskiyə və konfransın təşkilat komitəsinə müraciət qəbul olunub. Müraciətdə saxta erməni iddialarına söykənən məruzə müəlliflərinin qondarma “Şərqi Ermənistan” adı altında əzəli Azərbaycan torpaqlarını təqdim etməsinə etiraz bildirilib.

Sənəddə qeyd olunub ki, bu cür iddialar tarixi həqiqətə, ilk mənbələrə ziddir və növbəti erməni təxribatının bariz nümunəsidir. Müraciətdə Elmi Şuranın üzvləri A.Akopyanın və P.Petrovun məruzəsinin konfransın proqramından çıxarılmasını tələb ediblər.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun "Qarabağ tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev Teleqraf.com-a açıqlama verib.

Şöbə müdiri bildirib ki, Ermitaj dünyanın ən nəhəng muzeylərindən biridir. Sankt-Peterburqun elmi ictimaiyyəti və əhalisi ilə azərbaycanlılar arasında qarşılıqlı hörmət mövcuddur. Bu münasibətlərə kölgə salanlar, araqarışdıranlar da tapılır: ”Bu da təbiidir, ona görə ki, harada erməni varsa, başqa nə isə gözləmək mümkün deyil. Sankt-Peterburqda keçiriləcək konfransın rəhbərinin soyadı Piyotrovski olmasına baxmayaraq, babalarının xatirinə erməni xislətindən çıxmadığı görünür. Konfransa A.Akopyanın və P.Petrovun təqdim etdiyi “Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Qarabağ, Gəncə) sikkə işi (1747-1827)” adlı məruzəsinin bu səpkidə olması təsadüfi deyil. Rus soyadı daşıdığını nəzərə alaraq erməni elmi ictimaiyyətinin dəvət etdikləri Kazandakı Tarix İnstitutundan qovulmuş Petrovun Akopyana qoşulması və belə bir avantürist addım atması bizə yaxın keçmişdə olan bəzi məsələləri xatırlatdı.

1985-ci ildə Bakıda keçirilən Ümumittifaq Arxeoloji Konfrans yadıma düşdü. Bu arada bir məsələni diqqətinizə çatdırım ki, hörmətli alimimiz, akademik Nailə Vəlixanlı Akopyanın və Petrovun məruzəsi haqqında çox tutarlı şərh verib, tarixi həqiqətlərdən çıxış edərək, obyektiv fikir bildirib, hətta bunun nəzərə alınmasını və səhvlərini düzəltməsini arzu edib. Ancaq mən əlavə etmək istəyirəm ki, bunu sizlərdən gözləmək çətindir. Mən N.Vəlixanlının real tarixi faktlardan ibarət məlumatlarının hamısı ilə tam şərikəm. Lakin bir məsələni də qeyd etmək istəyirəm ki, bunlar barədə sizin məlumatınızın olmamasına inanmaq çətindir. Sizin və ətrafınızdakıların hamısının bu faktlardan xəbəri var. Olmayan odur ki, sizlər Azərbaycana dair obyektiv tarixə inanmaq istəmirsiniz. Bunun səbəbini isə tarixdə yox, mənəviyyatda axtarmaq lazımdır!”.

Qasım Hacıyev qeyd edib ki, vaxtilə yuxarıda sözügedən konfransdan sonra Leninqrada (indiki Sankt Peterburq) ezam olunub: “Orada Ermitajın “Şərq zalı”na baxmaq istəyərkən bir nəfər şərqşünas mənə dedi ki, nə axtarırsan? Dedim Azərbaycana aid materiallar. O, mənə dedi ki, bu “Şərq zalı” yox, Boris Borisoviçin qohumlarının zalıdır. Onda Mixail hələ cavan idi, Ermitajın direktoru deyildi. Burada bir məsələni də xatırladım ki, 1985-ci ilin may ayında keçirilən konfransın sonunda Bakının “Gülüstan” sarayında təşkil olunmuş ziyafətin əvvəlində mən Tarix İnstitutunun ozamankı direktoru mərhum İqrar Əliyevdən razılıq alıb müraciət elədim. Dedim hörmətli Boris Borisoviç erməni tarixinə dair 2 nəhəng monoqrafiya yazıb, dünyanın ən gözəl xalqlarından olan azərbaycanlılar haqqında bir cümlə də yazmayıb. Niyə?

O zaman mənim dediklərim tərcümə edildikdən sonra B.Borisoviç ayağa durub İqrar müəllimə dedi ki, İqrar müəllim, mənim Ermənistan Elmlər Akademiyasına yazdığım məktubu verin bu gənclər oxusunlar. Mən “Şərq zalı”nda Füzuli rayonu ərazisindəki Qaraköpəktəpə abidəsindən aşkar edilmiş arxeoloji nümunələrin altında arxeoloq Qüdrət İsmayılzadənin deyil,o zaman laborant olan O.Danelyanın adı yazılmışdı. Bunların bizə olan hörməti budur. Ermitajda mənə Nizami Gəncəvinin büstünün altında yazılmış“fars şairi” sözünü də göstərdilər...”

Şöbə müdirinin sözlərinə görə, Dəvəçi rayonunda Şabran qazıntılarının nəticəsi olaraq, Gəndob kəndində yığıncaqda B.B.Piyotrovski maraqlı bir söhbət edib: “O bildirdi ki, Repsima Mixailovna ilə mən akademik B.N.Arakelyanın məsləhəti ilə evləndim. Ondan Mixail adlı bir oğlum oldu. Mənə Leninqradda (indiki Sankt-Peterburq) Repsima Mixailovna Canpoladyan 2 kitab bağışladı. Mən bilmirdim ki, bu, nədən yazır.

Bu kitablardan biri Kalantaryanın Dvində apardığı arxeoloji işlərə aid idi. Oxuyanda gördüm ki, orada Bərdə, Gəncə, Naxçıvan və s. şəhərlərimizi erməni şəhəri kimi təqdim edib. Demək istəyirəm ki, M.B.Piyotrovskinin və onun təşkil etdiyi konfransda Akopyan və Petrov kimi millətlər arasında ədavəti qızışdıranlara nə ad vermək olar, Zori Balayanla bunun nə fərqi oldu?”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər