Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi ilə əlaqədar keçirilən ümumxalq səsverməsində (referendum) Bakının Qaradağ rayonundakı bütün seçki məntəqələrində səhər saatlarından əhalinin yüksək fəallığı müşahidə olunur.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin əhatə etdiyi məntəqələrdə fəallıq daha yüksəkdir. Dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə bildirib ki, 37 məntəqədə (32 daimi, 5 müvəqqəti) 46 min 954 nəfər qeydiyyata alınıb. Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə olunmayıb. Sakinlər mütəşəkkil qaydada səsvermədə iştirak edirlər.
11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının sədri Azər Ələsgərov isə deyib ki, qeydə alınan 45 min 16 nəfər 37 daimi və 6 müvəqqəti məntəqədə səs verəcək. Onların 560 nəfəri gənclərdir. Səsvermədə iştirak edənlərin arasında yaşı 100-dən yuxarı olan da var. Müşahidəçilərə səsvermə prosesini izləmək üçün hər cür şərait yaradılıb. Məntəqələrdə 276 müşahidəçi səsvermə prosesini izləyir. Eyni zamanda, dairə üzrə 10 məntəqədə veb-kameralar quraşdırlıb ki, bu da səsvermənin şəffaflığını təmin edəcək.