Sentyabrın 26-da “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda baş vermiş qəza və yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi SOCAR-la birgə məlumat yayıb.
Teleqraf.com-un xəbərinə görə, məlumatda deyilir:
"Xəbər verildiyi kimi, 26 sentyabr 2016-cı il tarixində “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.
Dərhal FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.
Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin qaz təzahürünün qarşısı alınıb".