23-25 sentyabr 2016-cı ildə ``Demokratiyanı Öyrənmə`` İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın regionlarından olan gənclərdən ibarət QHT təşəbbüs qrupları üçün treninq keçirilib.
Treninq ABŞ Səfirliyi Demokratiya Komissiyasının dəstəyilə gerçəkləşdirilən ``Azərbaycanın regionlarında gənclərin səriştələrinin artırılması`` layihəsi çərşivəsində Bakıdatəşkil edilib. Azərbaycanın 5 bölgəsindən (Zaqatala, Oğuz, Cəlilabad, Sabirabad və Qusar) olan20 gənci əhatə edən treninqin əsas məqsədi təşkilati idarəetmə və layihələrin idarə edilməsi üzrə yeni yaradılmış təşəbbüs qruplarının bacarıqlarının artırılması idi.
QHT-lərin yaradılması və idarə edilməsi, layihə təkliflərinin hazırlanması, layihələrin idarə edilməsi bacarıqlarının artırılması treninqdə müzakirə edilən əsas mövzular idi. Ayrı-ayrı məsələlər üzrə dəvət edilmiş qonaq ekspertlərin təqdimatında iştirakçılar təşəbbüs qruplarının QHT-lərə çevrilməsi üçün hüquqi və praktiki təcrübələrlə tanış olublar. Onlar həmçinin strategiyanın qurulması, insan resurslarının idarə edilməsi, fandreyzinq və ictimaiyyətlə əlaqələr kimi təşkilati idarəetmənin bir sıra vacib aspektləri tanış olublar. Daha sonra layihələrin hazırlanması və idarə edilməsi üzrə sessiyalar keçirilib, model layihə təklifinin hazırlanması üzrə tapşırıqlar həll edilib.
Layihənin bundan öncəki mərhələsində ``Demokratiyanı Öyrənmə`` İB Zaqatala, Oğuz, Qusar, Sabirabad və Cəlilabad rayonlarında silsilə seminarlar keçirib. Bu seminarlar yerli gənclərin vətəndaş cəmiyyəti konsepsiyası və demokratik cəmiyyət quruculuğunda QHT-lərin rolu kimi mövzularda məlumatlılığın artırılmasına yönəlmişdi. Sonrakı mərhələdəki səfərbərlik fəaliyyətli nəticəsində həmin seminarların iştirakçıları arasında seçilən fəallardan ibarət bir neçə təşəbbüs qrupu formalaşdırılıb. QHT kimi dövlət qeydiyyatına alınmaq istəyən qruplar hüquqi yardımla təmin ediləcək. Artıq3 təşəbbüs qrupu Ədliyyə Nazirliyinə müraciət üçün sənədlərin hazırlanmasına başlayıb və DÖİB tərəfindən ilkin məsləhətlərlə təmin edilib.