Bakı Dövlət Universitetinin ikinci korpusunun beşinci mərtəbəsinə qalxanda səs-küy eşitsəniz bilin ki, bu, universitetin radio və televiziyasının əməkdaşlarının səsidir. Onu da bilin ki, burada boşuna səs-küy yaratmırlar. “Boş qazandan səs çıxmaz” deyirlər, bax onların da qazanı doludur deyə belə əks-səda verir. Bu əks-sədaya bir də onların hazırladığı “jingle”ların səsi qarışırsa...
Fikir verdinizsə, “radio və televiziyanın əməkdaşları” dedim. Çünki onlar hələ tələbə olsalar da, öz işlərinə peşəkar yanaşmağa çalışırlar. İşlərinə olan sevginin, eyni zamanda şövqün, zəhmətin, Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın hesabına...
Nə iş, nə də söhbət zamanı Aynur xanım tələbələrindən seçilmədi.
Bu işi ortaya qoyan qəhrəmanlar isə magistrantlar Səid Babazadə, Malik Talıblı, Xəyalə Əzizli, Toğrul Quluzadə, Aysel Qasımova, bakalavrlar Azər Ağayev və Cavid Abbaslıdır.
Onlar ortaya qoyulan uğurlu işə görə Aynur Kərimovaya minnətdar olduqlarını deyirlər: “O, bizə meydan verdi və dedi ki, bura sizindir, bacarığınızı göstərin. Nə təklifimiz olsa deyirik. Bir dəfə də hansımızasa “yox” deməyib. Əgər təklifimiz uğurlu deyilsə belə, elə formada çatdırır ki, özümüz başa düşürük. O, sadəcə məsləhət verir, yol göstərir. Biz də bu yolda özümüzü tapırıq”.
Aynur Kərimovanın təşəbbüsü ilə Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyinin (TİKA) BDU ilə birgə layihəsi çərçivəsində TRT-də dörd həftəlik təcrübə keçən tələbələr davamlı olaraq studiyaların fəaliyyət prinsipləri, “production” anlayışı, günlük, həftəlik, aylıq yayım formatlarının hazırlanması, efir vaxtının düzgün seçilməsi, yaş hədlərinin nəzərə alınması, proqrama dinləyicinin qazandırılma yolları, aparıcılıq, səs montajı istiqamətində peşəkar dərslər alıb, internet televiziyaları, onlayn media, səs və akustika, işıq və kölgə, eyni zamanda montaj dərslərində olublar.
Ona görə də bu uşaqlar artıq ən müasir texnologiyalarla təchiz edilmiş radio və televiziyanı asanlıqla idarə edir, işləri çəkib-çevirirlər.
Aynur Kərimovanın sözlərinə əsasən, 2015-2016-cı tədris ilinin payız semestrindən etibarən 9 mart 2016-cı il tarixində TİKA və Bakı Dövlət Universiteti arasında imzalanan işbirliyi protokoluna əsasında TİKA əməkdaşları - koordinator Mustafa Haşim Polat və koordinator müavini İsmail Gürlek ilə görüşü zamanı Jurnalistika fakültəsinin infrastrukturunun və tədris proqramlarının yenilənməsi məqsədilə cari məsələlər, tələbələrin qardaş ölkənin media qurumlarında təcrübə keçmələri müzakirə edilib.
Bakı Dövlət Universiteti Jurnalistika Fakultəsinin tədris kurrikulumunun və maddi-texniki bazasının yenilənməsi və akademik heyətinin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra işlər həyata keçirilib.
Məqsəd isə Jurnalistika Fakültəsi tələbələrinin sektordakı texnoloji yeniliklərə müvafiq və müasir ehtiyacları qarşılayan uyğun bir təhsil mühitinə qovuşmaları üçün texniki infrastruktur dəstəyinin göstərilməsi, tədris planının inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi mühitin hazırlanaraq Azərbaycan və Türkiyə arasında əməkdaşlığın asanlaşdırılmasıdır.
Tədris planının yenilənməsi işinin tərkib hissəsi olaraq 2015-ci ilin iyun ayından etibarən studiyanın yenidənqurulma işlərinə başlanılıb. Bakı Dövlət Universiteti Jurnalistika fakultəsində yüksək texnologiyaya sahib radio (yayım, istehsal, səs qurğusu) otaqları ilə televiziya studiyasının montaj və quraşdırma işləri son mərhələyə çatdırılıb. Bu məqsədlə universitetdə radio-televiziya studiyası üçün sahəsi 50 kvadrat metr olan 503 saylı otaq ayrılıb. Bununla yanaşı 501 və 502 saylı otaqlar da nəzərdə tutulub.
Bütün bu məlumatlarla tanışlıqdan sonra iş başında olan aparıcılara yaxınlaşırıq. Özlərinin təbiriylə desək, danışır "A kapella" verilişinin aparıcısı Xəyalə Əzizli: “Mənim verilişim həftə içi hər gün saat 12:00-da yayımlanırdı. Yeni mövsümdə vaxt dəyişəcək. Akapella musiqi alətlərinin müşayiəti olmadan musiqi mətninin ifasıdır. Veriliş dünya və yerli musiqinin ən sayılıb-seçilən nümayəndələrini, onların əsərlərini yada salmaqdan, maraqlı kiçik viktorinalardan, feysbuk mesajlarının canlı yayımda səsləndirilməsindən, qonaqların dəvət olunmasından təşkil olunub.
Aynur xanım bizə “Həyatınızda həyəcanlı dəyişiklik baş vermək ərəfəsindədir” deyəndə sosial şəbəkədəki qrupumuzdan bu paylaşımı oxuyanda ağlımızın ucundan belə keçmirdi ki, həyatımızın ən önəmli dönüş nöqtəsinin bir addımlığındayıq.
Səkkiz nəfərdən (BDU-nun doktorantı Mehriban Ələkbərovanın rəhbərliyi ilə Səid Babazadə, Malik Talıblı, Xəyalə Əzizli, Toğrul Quluzadə, Aysel Qasımova, Azər Ağayev, Cavid Abbaslı) ibarət nümayəndə heyəti olaraq TİKA-nın tәşkilati dəstəyi əsasında üç həftəlik “Studiya və kurrikulum fəaliyyəti və təlim-staj” proqramına yollandıq.
TİKA-nın dəstəyi ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində yüksək texnologiyalarla təchiz edilmiş radio otaqları və televiziya studiyası qurulub. Studiyaların qurulması Jurnalistika fakültəsinin həyatında son dövrlər baş verən ən əlamətdar hadisələrdən biridir. Ankaraya yola düşməmişdən qabaq ilkin studiya və radio biliklərinə yiyələnmək məqsədilə Bakı Dövlət Universitetində bakalavr və magistratura pilləsində təhsil alan bir qrup tələbə olaraq Türkiyədən dəvət olunmuş peşəkar təlimçilər tərəfindən dərslərdə iştirak etdik. Studiya və radionun peşəkar istifadəsi üçün texniki rejissor Ali Aysolmaz, radio üzrə mütəxəssis İlker İncirkuş, “Solea” proqramının təsisçisi Suat Hakkı Demirkan 12 gün ərzində rejissor otağında avadanlıqlardan istifadə edilməsi, səyyar və studiya kameralarının işlədilməsi, işıqların tənzimlənməsi, o cümlədən radioda canlı veriliş aparılması, mikşer pultlarının idarə olunması, radio proqramı “Solea” barədə təlimlər keçdilər.
Türkiyәdə isə dövlət Radio vә Televiziya (TRT) qurumunun binasında olduq və iki hissədən ibarət təlim proqramı keçdik. Təlimlərimizə radio studiyaları ilə tanışlıqdan başladıq. Davamlılıq studiyaları, “production” anlayışı, günlük, həftəlik, aylıq yayım axışlarının hazırlanması formatları barədə əhatəli məlumatlar qazandıq, siyasi verilişlərlə bağlı öz biliklərini bizimlə bölüşən Hakan Şahinlə yaxından ünsiyyətdə olduq.
Daha sonra “jingle”ların hazırlanma proqramları və formaları, efir vaxtının düzgün seçilməsi, yaş hədlərinin nəzərə alınması, proqrama necə dinləyici qazandırılma yollarını öyrəndik.
Təlim zamanı qazandığımız nəzəri və praktik təcrübə ilə yanaşı müşahidələrimizin də böyük həyat təcrübəsi olacağına inanıram. Bizi bir-birimizə bağlayan, komanda kimi formalaşdıran amil peşəkarların nümunəsində tədris mühiti oldu. Birlikdə addımlamağı, vahid qüvvə olmağı həm də mütəxəssislərin bir-birinə qarşı münasibətindən öyrəndik...
Öyrəndiklərimizi gəlib radiomuzda yavaş-yavaş tətbiq etməyə başladıq. Artıq burda demək olar ki, hər şeyi özümüz idarə edirik. Nə lazım olsa da, Aynur xanımdan soruşub öyrənirik”.
Əfsanə Salahova isə “Tələbə səhəri” verilişinin aparıcısıdır və bizə radionun iş proqramından danışır: “Bu yaxınlarda televiziyada yayımlanacaq “Üç muşketyor” verilişinin ssenari müəllifi və aparacısıyam. Mənimlə bərabər səhər efirində İlkin Məmmədov da aparıcılıq edir. Efir rejissorumuz Aysel Qasımova və Toğrul Quluzadədir. Səhər efirininin əsas nəzarətçisi isə Səma Babazadədir.
“Üç muşketyor”da isə Cavid Abbaslı və Azər Ağayev də var. Məqsəd tələbələrə avtostopla Azərbaycanı tanıtmaq və ucuz səyahətin yollarını göstərməkdir.
Ötən mövsüm bu veriliş radioda yayımlananda tələbələrin psixoloji problemlərinə yönəlmişdik. Psixoloji və sosial problemlərlə bağlı gənclərin mövqeyindən çıxış edirdik.
“Xəbərlər”in aparıcısı Aydan Şirəliyevadır. “Replika” verilişində isə məşhur reperlər qonaq olub.
“Kinomatik” verilişində yerli və xarici filmlərdən danışılır. Aparıcıları Səkinə Sofuyeva və Vəfa Yusifovadır. Bu mövsüm layihələrimiz daha da təkmilləşib və tezliklə efirdə olacağıq”.
Adətən, radio və televiziya kanallarında hər kəs ancaq öz verilişinin yaxşı və uğurlu alınmasına çalışır. Hər kəs özünü müəyyən media qurumunda ancaq fərd şəklində görür və hər kəs öz işi ilə məşğul olur.
Ancaq BDU radio və televiziyasında bir-birinin uğuruna sevinən və hər işdə yardımlaşan bir komanda var. Bu komandanı isə Aynur Kərimova formalaşdırıb. Yəqin istəyinə çatdığındandır ki, bu uşaqlardan danışanda onun gözlərinin içi gülür. Bu gülüş radioda eşitdiyimiz səsdən belə görünür...
Bizə isə bu komandaya sadəcə uğurlar diləmək qalır. Ümid edirik ki, onlar universitetin sərhədlərini aşıb ölkə mediasındakı yerlərini tutanda da beləcə jurnalistikanın uğuru üçün çalışacaq və sevinəcəklər...
Sevinc Fədai