29 Sentyabr 2016 16:23
429

Qərb Universiteti Gender Araşdırmaları Mərkəzində AŞPA nümayəndələri ilə görüş keçirilib.

Azərbaycan Respublikası Milli Məclisi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsi ilə birgə “Qadın səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda Qərb Universiteti Gender Araşdırmaları Mərkəzində görüş baş tutub.

Görüşdə AR Milli Məclisinin Avropa Şurası Parlament Assableyasındakı nümayəndə heyətinin üzvü, Avropa Şurası Parlament Assambleyasının Qadınlara qarşı zorakılıq üzrə baş məruzəçisi, “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova, Avstriya Parlamentinin və “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin üzvü Qizela Vurm, Andorra Parlamentinin və AŞPA-nın üzvü Silvia Bonet, Avropa Şurasının eksperti, Bosniya və Herseqovina Parlamentinin, eləcə də “Zorakılıqdan azad qadınlar” Parlament Şəbəkəsinin sabiq üzvü İsmeta Dervoz, Gender və məişət zorakılığı üzrə ekspert Monika Koçaqi (Albaniya), AŞPA Katibliyinin əməkdaşı Elis Kornu, AŞPA Katibliyinin əməkdaşı Jeraldin Qrenet, Qərb Universitetinin Geder Araşdırmaları Mərkəzinin İdarə heyətinin üzvləri Fidan Fərəcova, Leyli Quliyeva, Rəna Babayeva, Pərviz Qurbanov, Afaq Həsənova, Elmira Hacıyeva iştirak edib.

Qərb Universitetinin rektoru Zenfira Məmmədova qonaqları salamladıqdan sonra Gender Araşdırmaları Mərkəzinin yaranma tarixindən, fəaliyyətindən, genderin tədrisə inteqrasiyasından söhbət açıb. Rektor qeyd edib ki, Qərb Universiteti gənc, müasir universitet olmasına baxmayaraq, hər zaman yenilikləri ilk olaraq tətbiq edən təhsil müəssisəsidir. Təhsil ocağında professor-müəllim heyətinin 60%-nin, inzibati işçilərin isə 80%-nin qadınlardan ibarət olduğunu söyləyən Zenfira xanım Məmmədova Gender Araşdırmaları Mərkəzinin Qərb Universitetində yaradılmasının heç də təsadüfi olmadığını vurğulayıb.

Daha sonra çıxış edən Qərb Universitetinin Gender Araşdırmaları Mərkəzinin müdiri Kifayət Ağayeva Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə qonaqlara məlumat verib. Qərb Universitetinin Gender Araşdırmaları Mərkəzi tərəfindən hazırlanmış və nəşr edilmiş tədris proqramları və dərs vəsaitlərinin əhəmiyyətindən danışıb.

Sonda görüş iştirakçıları xatirə fotosu çəkdirib.


Müəllif: