V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisi keçirilib.
Teleqraf.com-un məlumatına görə, açılış mərasimində dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, ABŞ-dakı Simon Vizental Mərkəzinin direktor müavini, ravvin Abraam Kuper, YUNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida, Fransa İmamlar Konfransının sədri Hasan Şalqumi, Los-Anceles şəhərindəki “Kral Fəth” məscidinin imamı Məhəmməd Xan, Milli Məclisin deputatı Asim Mollazadə, QMİ-nin sədr müavini Rəşad Əliyarlı, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan yüksək səviyyəli xarici qonaqlar, senatorlar, dini konfessiyaların nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbiri giriş sözü ilə açaraq İudaizm dininə həsr edilən “Xalq, kitab, torpaq: yəhudi xalqının müqəddəs torpaqlarla 3500 illik əlaqəsi” mövzusunda sərginin maarifləndirici xarakter daşıdığını deyib.
Forum çərçivəsində təşkil edilmiş sərgi barədə məlumat verən komitə sədri bildirib ki, yəhudiliyə həsr olunan sərgidə bu xalqın 3500 illik tarixinə, etnoqrafiyasına aid nümunələr nümayiş olunur. O, multikultural və tolerant dəyərlərə görə digər ölkələrə örnək olan Azərbaycanda bu cür sərgilərin təşkilini yüksək dəyərləndirib.
Vurğulanıb ki, sərgi Azərbaycanda tolerantlığın ən gözəl nümunələrindəndir.
Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycana bir neçə dəfə səfər etdiyini, hər dəfə ölkəmizdə dini dözümlülüyün şahidi olduğunu məmnunluqla qeyd edərək Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə olduğunu deyib. Ravvin Abraham Kuper ölkəmizdə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində YUNESCO və Simon Vizental Mərkəzinin birgə sərgisinin keçirilməsinin əlamətdar hadisə adlandırıb.
Azərbaycanın Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev sərginin daha öncə YUNESCO, ABŞ və Kanada hökumətləri və Simon Vizental Mərkəzinin dəstəyi ilə hazırlanıb BMT-nin Nyu-York şəhərindəki mənzil qərargahında, YUNESCO-nun Paris şəhərindəki mənzil qərargahında, ABŞ konqresində, İsrail Knessetində, həmçinin Vatikan, Danimarka və Albaniyada nümayiş edildiyini bildirib. Dövlət müşaviri Abraam Kuperin cari ilin yanvar ayında ölkəmizə səfəri zamanı Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirərək sərgini ölkəmizə bağışladığını xüsusi olaraq qeyd edib.
YUNESCO baş direktorunun müavini Qetaçyu Enqida sərginin əhəmiyyətindən bəhs edərək Azərbaycanda mövcud olan multikultural mühiti yüksək qiymətləndirib. O bildirib ki, dünyada sülhə, bərabərliyə nail olmaq, mədəni irsin itirilməsinin qarşısını almaq üçün fərqli mədəniyyətlərə, dinlərə malik insanların bir-birinə daha da yaxın olması olduqca vacibdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Milli Məclisin deputatı Asim Mollazadə, QMİ-nin sədr müavini Rəşad Əliyarlı, Fransa İmamlar Konfransının sədri Hasan Şalqumi, Los-Anceles şəhərindəki “Kral Fəth” məscidinin imamı Məhəmməd Xan və digər qonaqlar Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin yüksək səviyyədə olmasından, Bakıda keçirilən V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən bəhs ediblər.
Tədbir çərçivəsində həmçinin Muzey Mərkəzinin sərgi qalereyasında azərbaycanlı gənc rəssam və heykəltəraşların əsərlərindən ibarət “Tolerant Azərbaycan gənci” mövzusunda sərgi açılıb. Sərginin təşkilatçısı və təşəbbüskarı sənətşünas Dilarə Müzəffərlidir.
Nərgiz