Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müşavirədə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
DQİDK sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verib. O, maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Komitə sədri bildirib ki, dini radikalizmin yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri bəhrəsini verməkdədir. Davamlı olaraq respublikamızın bütün şəhər və rayonlarında milli mənəvi və dini dəyərlərimizin, həmçinin Azərbaycanın tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.
Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Məhərrəm ayının başlaması ilə əlaqədar Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalı, bütün mərasim və tədbirlər qanun çərçivəsində təşkil edilməlidir.
Müşavirədə bölgə şöbə müdirlərinin hesabatları dinlənilib, dini icmaların maarifləndirmə işlərinin davam etdirilməsi məqsədilə layihələrə cəlb edilməsi məsələləri müzakirə olunub.
Sonda müzakirə olunan məsələlərlə bağlı bölgə şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.