4 Oktyabr 2016 15:06
6 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkə üzrə 37 cüzam xəstəsi qeydiyyatdadır. Onlardan 13-ü Um-Bakıdakı Respublika Cüzam Xəstəxanasında qalır, qalanları isə dispanser qeydiyyatındadır”.

Respublika Cüzam Xəstəxanasının baş həkimi Vidadi Əliyev Teleqraf.com-a açıqlamasında belə deyib.

Baş həkimin sözlərinə görə, 1980-ci ildən sonra, 2004-2005-ci illərdə respublikada 4 cüzam xəstəsi aşkar olunub.

Vidadi Əliyev deyir ki, tibbdə lepra deyilən xəstəlik ağırlaşmış formaya çatdıqda xəstələrdə ciddi eybəcərliklər yaranır: “1-ci qrup əlil olan bu xəstələri çoxsaylı yaralar basır. Elə xəstə var, gündə 2-3 dəfə yaralarını sarımaq lazımdır. Görmə, yerimə qabiliyyətləri itib. Bu xəstələr xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq daimi mərkəzdə qalmağa məcburdurlar”.

Cüzam xəstəliyinin əlamətləri dəri üzərində yanığa bənzər formada yaralar, qusma, yüksək hərarətdir. Barmaq uclarında, cinsiyyət orqanlarıda, dəri hissələrində bakteriyalar daha çox olur. Ona görə də bu xəstəlik əsasən təmas yolu ilə yayılır.

Xəstəxananın baş həkimi deyir ki, mərkəzdə qalan xəstələrin hamısının qulluğa ehtiyacı var: “Buradakı xəstələrimizin bəzilərinin heç gedib qalmağa yeri yoxdur. Onlar uşaqlıqdan atılıblar. Yaxınları, qohumları yoxdur, onlar mərkəzi tərk etsələr, 2 aydan sonra 2-3 nəfəri xəstəliyə yoluxura bilərlər. Cüzam ağırlaşmış formada olmadıqda xəstələr cəmiyyət içərisinə buraxıla bilərlər.

Dispanser qeydiyyatına duranlar ildə bir dəfədən az olmayaraq müayinə üçün mərkəzə gəlirlər. Ağırlaşmış formada olan cüzamlı xəstələr ətraf üçün təhlükədirlər. Bu, tamamilə müalicə olunmayan xəstəlikdir. Xəstəliyin törədiciləri heç vaxt orqanizmi tərk etmir. Müalicə zamanı aktiv fazadan passiv fazaya keçir”.

Respublika Cüzam Xəstəxanasında müalicə alan xəstələr ərzaqla təmin olunur, həmçinin onlara paltar, sabun, yuyucu toz verilir.

Vidadi Əliyevin sözlərinə görə, sovet dövründə belə bir qayda vardı ki, bu cür xəstələr xəstəxanadan buraxılanda izolyasiya edilmiş mənzillə təmin olunurdular: “Sovet sistemi dağılandan sonra xəstələrin gedəcəyi yer olmadığı üçün ömürlərini xəstəxanada başa vurmalı oldular. 15 il bundan əvvəl respublika üzrə 110 cüzam xəstəsi qeydiyyata alınmışdısa, hazırda onların sayı 37-dir. Sayın azalması yaxşı haldır.

Ən gənc cüzam xəstəsi 41 yaşındadır. 80 yaşdan yuxarı cüzam xəstəsi də var. Bu xəstələr cüzamdan ölmür, çürüyürlər. Cüzam xəstəsi olan insanların hər biri mərkəzinin imkanlarından istifadə edə bilər”.

Baş həkim deyir ki, cüzam xəstəliyi irsi yox, infeksion xəstəlikdir: “İllərdir bu xəstə ilə ailə həyatı yaşayıb, yoxulmayan insanlar var. Bu xəstəliyə yoluxma bədənin immunitetindən asılıdır. Cüzamlı insan aşkar olunanda təmas saxladığı insanların siyahısı yazılır və onlar nəzarətə götürülür. Biz də onların yaxın adamları ilə görüşməyə cəhd edirik ki, xəstəlik yaransa onları qeydiyyata götürə bilək. Cüzam xəstəsi tam müalicə aldıqda öz ailələrində də yaşaya bilərlər”.

Baş həkim deyir ki, cüzam yayılma faizinə görə digər infeksion xəstəliklərlə müqayisədə son sıradadır: “Xəstəlik qorxulu olmasına görə ilk sıradadır. Yaşlı nəsildə bu xəstəlik gec aşkar olunur. Bu xəstələr mərkəzdə dünyasını dəyişən cəsədinin dəfn olunması üçün ilk növbədə yaxınları ilə əlaqə saxlanılır, gəlib aparırlar. Sahibsiz olanlar isə kimsəsizlər qəbiristanlığında dəfn olunurlar”.

Vidadi Əliyev cüzamın daha çox yayıdığı regionlara da toxunub: “Daha çox Gəncə və ətraf rayonlarda, cənub və Qarabağ bölgələr üzrə cüzamlı xəstə qeydiyyata alınıb”.

Bu xəstəlik 1871-ci ildə Norveç həkimi Q.Hansen tərəfindən kəşf edilib. Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılan bu xəstəliyin yaranması ilə bağlı bir çox versiyalar irəli sürülür.

Xəstəlik gedişinə görə 3 tipə - lepratomaq, tuborkuloid, diferensləşməyən tipə ayrılır. Cüzam sağalmayan xətəlikdir. Bu xəstəliyə tutulanlar ömürlərinin axırına qədər insanlardan uzaqda yaşayaraq hər kəsdən gizlənməyə çalışırlar.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər