4 Oktyabr 2016 15:44
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvada yaşayan soydaşımız, Azərbaycanın əməkdar jurnalisti, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Mahir Həmzəyev Litva Seyminə deputatlığa namizədliyini irəli sürüb. Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Litvada parlament seçkisi oktyabrın 9-da keçiriləcək.

Qeyd edək ki, 1958-ci ildə Quba rayonunda doğulan Mahir Həmzəyev Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, daha sonra Vilnüs Dövlət Universitetinin aspiranturasında təhsil alıb, 1979-cu ildən Vilnüs şəhərində yaşayır və çalışır. M.Həmzəyev Baltik-Azərbaycan, həmçinin Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələri, ədəbi paralellər və bədii tərcümə məsələləri kimi mövzularda 350-dən artıq tədqiqat işi, ədəbi-tarixi və elmi-publisistik məqalənin müəllifidir. O, həmçinin, Azərbaycan nağıllarını və yazıçılarımızın əsərlərini Litva dilinə, eləcə də Litva nağıl və əsərlərini ana dilimizə tərcümə edib.

Litvada diaspor fəaliyyəti ilə də məşğul olan M.Həmzəyev 1988-ci ildə Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb və həmin ildən indiyədək bu təşkilatın sədridir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Quba soyqırımı və Xocalı qətliamı mövzusunda 1990-2016-cı illərdə Litva, Azərbaycan və Rusiya mediasında işıq üzü görmüş 100-ə yaxın tarixi, analitik, polemik və siyasi-publisistik məqalələrin müəllifidir.

Bu illər ərzində Litvada müxtəlif dövlət işləri və ictimai vəzifələrdə çalışan M.Həmzəyev 2015-ci ildən Litva hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvü, 2016-cı ilin may ayından isə Seymin Liberal Sayudis Fraksiyasının millətlərarası münasibətlər və dini məsələlər üzrə məsləhətçisidir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər