Oktyabrın 4-də Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC–da Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş əməkdar jurnalistlər Elmira Əliyeva və Qalina Mikeladzeyə “Şöhrət” ordenlərinin təqdim olunması mərasimi keçirilib.
Tədbirdə AZƏRTAC–ın Baş direktoru Aslan Aslanov çıxış edərək jurnalistikanın inkişafında xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsirindən söhbət açıb. Vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən qələm adamlarına göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Elmira Əliyevanı və Qalina Mikeladzeni Azərbaycan mətbuatının canlı klassikləri adlandıran Baş direktor deyib ki, hər iki jurnalist öz istedadını hələ gənc yaşlarından göstərib, qəzet səhifələrində bir-birindən maraqlı, məzmunlu yazılarla çıxış edib.
Azərbaycan mətbuatının iki böyük siması ilə AZƏRTAC-da keçirilən bugünkü görüşü unudulmaz hadisə kimi dəyərləndirən Baş direktor onlara uzun ömür və cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə çıxış edən AZƏRTAC–ın əməkdaşları Elmira Əliyevaya və Qalina Mikeladzeyə ürək sözlərini və səmimi arzularını çatdırıblar.
Sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə layiq görüldükləri “Şöhrət” ordeni tanınmış qələm sahiblərinə təqdim olunub. Elmira Əliyeva və Qalina Mikeladze jurnalistlik fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.