5 Oktyabr 2016 15:13
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bəzi xəstəliklərdən ölənlərin meyitinin yandırlacağını söyləmişdi. Azərbaycanda məzarlıqlarla bağlı yeni qaydaların qüvvəyə minəcəyini xatırladan millət vəkilinin sözlərinə görə, məzarlıqlar su hövzəsindən ən azı 300 metr kənarda salınacaq:

“Səbəb meyitin torpağa qarışdıqdan sonra suya sirayət etməsidir ki, buna yol vermək olmaz. Tibbi qaydalar nəzərə alınacaq. Elə xəstələr var ki, onları basdırmaq olmaz, nəşi yandırılmalıdır. Çünki elə xəstəliyin daşıyıcısı ola bilər ki, torpağa qarışdıqdan sonra yayılma ehtimalı böyük ola bilər. Ona görə layihədə təhlükəli xəstəlik daşıyıcısı olan ölənin nəşinin yandırılması məsələsi də əksini tapıb”.

Millət vəkili qaydaları Nazirlər Kabinetinin hazırlayacağını bildirmişdi.

Professor Adil Qeybulla deyir ki, dünyada karantin infeksiyası var. Bunlar vəba, taun, sari qızdırma və təbii çiçəkdir: “Bu xəstəliklərə yoluxan insanları müəyyən dövrlərdə yandırırdılar. Meyitlərin yandırılması hansı zərurətdən meydana çıxıb deyə bilmərəm, amma düzgün qərar deyil. Vərəm, cüzam xəstəliklərinin bakteriyaları uzun müddət torpaqda yaşayır. Ola bilər, bu cür xəstələrin meyitlərini yandırmaq nəzərdə tutulur”.

Həkimin sözlərinə görə, xarici ölkələrdə bu cür xəstəliklərdən ölənlər fərqli qaydada dəfn olunurlar: “Xarici ölkələrdə belə xəstəliklərdən ölənlərin meyiti dezinfeksiyaedici yerdə dəfn edilir. Çünki o cəsədlərdə olan infeksiya kənara yoluxa bilər. İnfeksiya yayılanda onun qarşısını almaq çətin olur”.

Adil Qeybullanın sözlərinə görə, məsələnin psixoloji tərəfi də var: “Bu xəstələr onsuz da sosial həyatda xəstəliklərini gizlətməyə çalışırlar. Belə qərarı oxuyan xəstə insanların vəziyyətini təsəvvür etmək çətindir. Bu xəbəri eşitdikdə xəstəliklərini tamam gizlədəcəklər. Bir qərarı qəbul edəndə təklifləri ətraflı araşdırmaq və müzakirə etmək lazımdır. Bəzi məsələlər var ki, mentalitetlə bağlıdır, qərar vermək asan deyil”.

Səhiyyə Nazirliyindən bildirilib ki, Nazirlər Kabineti bu barədə hələlik heç bir qərar qəbul etməyib: “Səhiyyə Nazirliyi icraçı orqandır. Nə qanun qəbul olunsa, hansı qərar verilsə, onu icra etməyə hazırıq. Hansı xəstəlikdən ölənlərin meyiti yandırılmalıdır, hansınınkı yandırılmalı deyil, bu barədə bizdə heç bir məlumat yoxdur.”

İlahiyyatçı Elşad Miri deyir ki, İslam dinində insanın özünə və cəsədinə hörmət əlaməti olaraq onu torpağa dəfn edirlər: “İstisnalar da var. Bir insan cinayətə qurban gedib dəfn olunarsa, onun məzarını açıb, cəsədi üzərində tibbi ekspertiza aparmaq olur. Meyit yandırılsa, bir şəxs üzərində tibbi ekspertiza ağarmaq mümkün olmayacaq. Fikrimcə, yeni qayda tətbiq olunsa, xeyli suallar çıxacaq.

Mütəxəssislərdən öyrənmək lazımdır ki, bu cür xəstəliyi olan insanlar dəfn olunduqdan sonra virus müxtəlif variantlarda insanlara yoluxa bilərmi? Bu sualın cavabı araşdırlmalıdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər