5 Oktyabr 2016 16:31
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 gündür hər axşam Lahıc qəsəbəsini mənşəyi bilinməyən həşəratlar basır.

Bu barədə qəsəbə sakinləri sosial şəbəkədə foto və videolar paylaşıblar. Onların sözlərinə görə, hazırda bütün qəsəbə və ətraf kəndlər bu vəziyyətdədir: “Adını bilmədiyimiz bu həşəratlar axşam 5 radələrində uçuşmağa başlayır, səhərlər isə gözə dəymirlər. Fotolara baxan şəxslər çox təhlükəli olduğunu deyir. Bələdiyyəyə müraciət etmişik. Sədr deyir ki, 63 yaşım var, ancaq mən belə bir şey görməmişəm.

Aidiyyəti orqanlar isə “bizlik deyil” deyir. Bizim də əlimizdən bir iş gəlmir, vəziyyət gün keçdikcə daha da qəlizləşir”.

Həşəratlara qarşı müxtəlif dərman vasitələrindən istifadə edilsə də, nəticəsi yoxdur.

Məsələ ilə bağlı İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, yaz və payız aylarında həşəratların Lahıc qəsəbəsini basması ənənə halının alıb: “Həşəratlar qəsəbədə əsasən yaz və payız aylarında çoxalır. Hər il payız və yaz aylarında rütubət çox olduğundan bu həşəratlar ortaya çıxır. Təhlükəsiz və heç bir ziyanı olmayan həşəratlardır. Onlar axşam saatlarında uçmağa başlayır, səhər açılan kimi isə yoxa çıxırlar”.

Epidemiologiya Mərkəzinin direktoru deyir ki, mərkəzin əməkdaşları həmin əraziyə gedəcəklər: “Həşəratlar gündüz vaxtı yoxa çıxdığı üçün əməkdaşlarımız bu gün axşam saatlarında həmin ərazilərə yollanacaq və məsələnin həlli üçün işlər görüləcək”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər