6 aylıq uşaq anası Aysel Rəsulova körpəsinə cəmi iki ay ana südü verib. Daha sonra “Smilac” adlı süni qidadan istifadə etməyə başlayıb. Dediyinə görə, körpəyə elə bir ziyanı olmayıb. “Nutrilon” adlı süni qida isə köp yaradır, “Hipp” doyumsuzdur: “Doğum evində mənə “Nutrilon”u, “Hipp”i reklam edirdilər. “Smilac”ı təsadüfən aptekdə görüb aldım.
Amma ana südünün tərəfdarıyam. Uşaq xəstələnəndə onun sağalmasına hesablanmış ilahi möcüzə ana südüdür. Ana südündən körpə doymur. Əksər qadınlar ana südü ilə paralel süni qida da verir ki, uşaq doysun, ağlamasın”.
Süni qidaların qiyməti
Apteklərdən aldığımız məlumata görə, 5 aylıq uşaqlar üçün 200 qramlıq “Heinz” sıyıqlarının qiyməti 5 manat, 400 qramlıq “Nutrilak”ın qiyməti 5 aylıq üçün 9 manat 30 qəpik, 6 aya qədər uşaqlar üçün “Nutrilon-1”in qiyməti 12 manat 90 qəpik, 200 qramlıq “Humana”nın qiyməti 5 manat 50 qəpikdir.
Bir ayda körpəyə 6-7 süni qida paketi yedizdirmək lazımdı, bu isə ayda 150 manatdan çox pul edir.
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bu günlərdə körpələr üçün süni qida hazırlayan şirkətlərin məhsullarını satmaq üçün bütün üsullardan istifadə etdiyini bildirdi: “Süni qida şirkətlərinin əməkdaşları qapı-qapı gəzir, şirnikləndirmək üçün hətta məhsulları hədiyyə də verirlər. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik. Körpələrin həyatını 5-10 manata satmaq olmaz.
Bəzi həkimlər də süni qida şirkətlərinin mənəviyyatsız davranışının qurbanına çevrilirlər. Belə hallara qarşı Səhiyyə Nazirliyi çox ciddi iş aparır”.
“Azərbaycanda ana südü ilə əmizdirmə Avropadan geri qalır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, analar birmənalı şəkildə körpələrini ana südü ilə əmizdirməlidirlər: “Bizim birliyə tez-tez məlumatlar daxil olur ki, analar doğum evlərindən çıxan kimi onlara zəng gəlir, uşaqlarına süni qida məsləhət görülür. Bu, pediatrların qida şirkətləri ilə əlbir olduğuna sübutdur.
Həkimlər və süni qida şirkəti rəhbərləri nə qədər əlbir olacaqlar, uşaqların ana südü ilə qidalanma faizi artmayacaq. Körpələrin qidalanmasına dair qanun var. Aparılan araşdırmalar göstərir ki, ana südü ilə əmizdirməyə dair Azərbaycanda göstərici Avropadan geri qalır”.
“Nestle”nin süni qidaları boykot edilir...
Birlik sədri deyir ki, Körpə Qida Məhsulları üzrə Beynəlxalq Şəbəkə (İBFAN) insanları “Nestle” süni qidalarını boykota çağırır: “Bununla bağlı bu il oktyabrın 28-dən noyabrın 4-dək kampaniya keçirəcək. “Nestle” firmasının süni qidaları uşaqlar üçü arzuolunmaz sayılır. Bir çox süni uşaq yeməklərinin tərkibində genetik modifikasiya olunmuş komponentlər, soya yağı var və bunlar təhlükəlidir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda uşaqlara 50 faiz ana südünün verilməsi ilə bağlı statistika şişirtmədir: “Bu rəqəm 40 faizdən yuxarı deyil. 50 faiz özü də Avropa göstəricilərindən geridir”.
“Analar cinayət edir”
Pediatr Vaqif Qarayevin sözlərinə görə, uşaq üçün əsas qida ana südüdür: “Ana südü əvəzolunmazdır. Ananın südü yoxdusa, yaxud ana özü süd verməkdən imtina edirsə, körpə süni qidanın ümidinə qalır. Süni qidalar heç vaxt ana südünə əvəz ola bilməz. Ana südü uşağın normal böyüməsi, xəstəliklərə müqaviməti üçün ciddi vasitədir. Süni qidalar ziyanlı deyil, amma ana südü qədər faydalı da deyil.
Ana südü ilə qidalanan uşaqlarda mədə-bağırsaq problemi olmur, inkişafı normal gedir. İnsanlar birmənalı şəkildə bilməlidirlər ki, süni qida təbii olanı əvəz edə bilməz”.
Vaqif Qarayev deyir ki, uşağın böyüməsi üçün mədə-bağırsağa zərər yetirməyən istənilən süni qarışığı vermək olar: “Süni uşaq qidaları təhlükəlidirsə hamısı təhlükəlidir, eyni zamanda yaxşıdırsa hamısı yaxşıdır. Belə qidaların tərkibi demək olar, hamısında eynidir. Sadəcə, bəzi qarışıqlar allergiyası, bağırsaqda problemi olan uşaqlar üçün əlavə qayğı yaradır.
Bəzən analar zəng edib soruşurlar ki, uşağa hansı yeməyi verim. Bildirirəm ki, hansı yemək uşağa düşür, onu ver. Süni qidalar barədə seçim ancaq yuxarıda qeyd etdiyim zaman ola bilər. Qalan hallarda heç bir problem yoxdur”.
Həkim deyir ki, təzə doğulmuş uşaq nə qədər tez əmizdirilsə, o qədər yaxşıdır: “Uşağını ana südündən bilə-bilə məhrum edən analar da var. Həkimlər süni qida satan firmalarla işbirliyində olur, bu isə mənəvi cinayətdir. Həkim nə qədər belə mənəvi məsuliyyətsizlik edirsə, öz balasına ana südü verməyən ana ondan daha çox mənəvi cinayət edir”.
Professor Adil Qeybulla deyir ki, uşaq qidaları ərzaq mağazalarında və apteklərdə saxlanma şərtlərini düzgün riayət olunmaqla satıla bilər: “Yeməklərin keyfiyyətinə əmin olunmalıdır. Azərbaycana uşaq qidaların bir neçə ölkədən gəlir. Bəziləri təhlükəlidir. Əsas şərt saxlanma müddətinə baxmaq və ona əməl etməkdir”.
Professorun sözlərinə görə, uşaq qidaları ixtisaslaşmış yerlərdə satılmalıdır: “Süni qidalarla bağlı reklam materiallarında ana südünün vacibliyi qeyd edilməlidir”.
İlhamə ƏBÜLFƏT