İstanbuldakı “Dolmabaxça” sarayında “Avrasiyada İslam: din istismarına qarşı birlik, həmrəylik və gələcək perspektiv” devizi altında Avrasiya İslam Şurasının IX Zirvə toplantısı Azərbaycan nümayəndə heyəti iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, zirvə toplantısında Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Naxçıvan Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, Milli Məclisin deputatları Cavanşir Paşazadə və Hüseynbala Mirələmovdan ibarət nümayəndə heyəti təmsil edib.
Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub, 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı kadrlar əsasında film nümayiş olunub.
Zirvənin rəsmi açılışında prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin Diyanət İşləri başqanı Mehmet Görmez, Baş nazirin müavini Numan Qurtulmuş, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin çıxış ediblər.
Bütün zəminlərdə münaqişələrin dayandırılmasının, terror aktlarının önlənməsinin , insanlara qarşı kütləvi zor tətbiq edilməsinin müasir dünya qarşısında vacib problem olduğunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, dünyada sülhün və əmin-amanlığın bərpa olunması, ədalətin və bərabərliyin qorunması, qaçqınların müvəqqəti yerləşdirilməsi, onların ata-baba yurdlarına qayıtmaları məsələlərində Türkiyənin prinsipial mövqeyi dəyişməz qalır.
Şeyxülislam Allahşükür Paşazadə əminliklə bildirib ki, dörd gün davam edən bu tədbirdə dünyada sülhün və sabitliyin bərpasına nail olunması üçün mühüm çağırışlar ediləcək. Türkiyədə törədilən terror aktlarını və 15 iyul dövlət çevrilişi cəhdini qətiyyətlə pisləyən Allahşükür Paşazadə bir sıra dövlətlərin qərəzli mövqeyinə baxmayaraq Türkiyə xalqının prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək tarixin daha bir ağır sınağından alnıaçıq çıxa bildiyini vurğulayıb.
Xalqlar, dinlər və təriqətlər arasında dostluq və qardaşlığın qorunmasının vacibliyindən danışan Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin son vaxtlar Rusiya-Türkiyə münasibətlərindəki yaxınlaşmadan məmnunluğunu ifadə edib və bildirib ki, bütün bu nailiyyətlər hər iki dövlət başçısının möhkəm siyasi iradəsi nəticəsində gerçəkləşir.
Çıxışlarda müsəlman xalqları arasında dostluğun möhkəmləndirilməsinin və dünyadakı münaqişələrin həllinin, müsəlman dünyasına qarşı ayrı-seçkiliyin, o cümlədən Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tezliklə aradan qaldırılmasının vacibliyi kimi məsələlərdən bəhs olunub.
Rəsmi açılışdan sonra panellər üzrə müzakirələr aparılıb.
Sonra Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Gürcüstan, Moldova və digər ölkələrdən müxtəlif müsəlman dini icmalarının nümayəndələri çıxış ediblər.
İslam dininin xalqlarımızın həyatındakı tarixi rolundan bəhs edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, türk xalqları, o cümlədən azərbaycanlılar bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin bir sivilizasiyaya qoşulub, həm də bu sivilizasiyanın təşəkkülündə, inkişafında, zənginləşməsində mühüm rol oynayıblar. Dövlət müstəqilliyimizi bərpa etdiyimiz zaman cəmi 17 məscid olan ölkəmizdə hazırda 2100-dən çox məscidin fəaliyyət göstərdiyini diqqətə çatdıran komitənin sədri bildirib ki, müstəqilliyini əzmlə qoruyan və gündən-günə möhkəmləndirən Azərbaycan xalqı islami dəyərlərin qorunması istiqamətində böyük irəliləyişə nail olub.
NEMƏT