“Yaxın Şərqdə və digər ölkələrdə yaşanan münaqişələri, o cümlədən Türkiyədə səngimək bilməyən amansız terror aktlarını düşmən qüvvələrin birgə fəaliyyətinin nəticəsi kimi dəyərləndirirəm”
Teleqraf.com xəbər verir ki, bu fikirləri İstanbuldakı “Dolmabaxça” sarayında “Avrasiyada İslam: din istismarına qarşı birlik, həmrəylik və gələcək perspektiv” devizi altında işə başlayan Avrasiya İslam Şurasının IX Zirvə toplantısında Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Qafqazın şeyxi diqqətə çatdırıb ki, bütün bu qarşıdurmaların başlıca səbəbi beynəlxalq aləmdəki ikili standartlardır: “Azərbaycanın ərazisinin bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi, xalqımıza qarşı Xocalı soyqırımının törədilməsi, təcavüzkar Ermənistan tərəfindən ölkəmizdə həyata keçirilən terror aktları nəticəsində axıdılan günahsız insan qanları, müasir dünyada yaşanan miqrant faciələri, özünü demokratiya və insan hüquqlarının təəssübkeşi kimi təqdim edən Avropada miqrantların müsəlman və qeyri-müsəlman ayrı-seçkiliyi ilə qarşılaşması çox ciddi narahatedici amillərdir”.
Xalqımızın erməni terrorizmindən böyük zərər çəkdiyini, çoxlu sayda insan itkisi ilə qarşılaşdığını bildirən Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan bütün hallarda terrora, o cümlədən İŞİD və FETÖ kimi terror təşkilatlarının fəaliyyətinə qarşı öz etirazını sərgiləyərək haqq və ədalət tərəfdarıdır.
NEMƏT