Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmaması ilə bağlı iddialara münasibət bildirib.
MTRŞ-nin Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov APA-ya bildirib ki, televiziya yayımçıları audio və video siqnalı formalaşdıraraq “Teleradio” İstehsalat Birliyinə ötürür, digər əməliyyatlar isə “Teleradio” İstehsalat Birliyində həyata keçirilir.
Bakı şəhəri və Abşeron yarımadası ərazisində bütün ümumölkə televiziya yayımçıları 2 paketdə yayımlanır: “İki ildən artıqdır ki, Azərbaycan əhalisinin 99 faizini əhatə etmək şərti ilə bütün ölkədə rəqəmli TV yayımı analoq TV yayımı ilə paralel aparılır. Ona görə burada hər hansı bir televiziya yayımçısının rəqəmli yayıma keçidə hazır olub-olmamasından söhbət gedə bilməz.
“Teleradio” İstehsalat Birliyində ayrıca televiziya yayımçısı üçün yox, paketdə olan bütün televiziya yayımçılarından daxil olan siqnallar üçün MPEG-4 standartı üzrə analoq-rəqəm çevrilməsi yerinə yetirilir. Ona görə də ayrılıqda hansısa telekanalın rəqəmli yayıma keçidə hazır olub-olmamasından söhbət gedə bilməz”.
Qeyd edək ki, bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmadığı haqda məlumat yayımlanıb.
Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.