17 Oktyabr 2016 12:16
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havaların soyuması ilə əlaqədar Bakı şəhəri üzrə təbii qazın verilməsində problemlər yaranıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, paytaxtın Nərimanov, Binəqədi, Nəsimi rayonlarına, Biləcəri, Sabunçu və digər ərazilərə təbii qaz zəif verilir.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəliyev Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, mərkəzləşmiş istilik sisteminə keçidə “Azəriqaz” tam hazırdır: “Birliyimiz payız-qış rejiminə tam hazırdır. Gələcəkdə havanın soyuq, şaxtalı keçdiyi günlərdə qaz təchizatında heç bir problem yaşanmayacaq. Hazırda havaların qəfil dəyişməsi nəticəsində mavi yanacaqla bağlı problem yaranıb. “Azəriqaz”ın əməkdaşları həmin ərazilərdə problemləri aradan qaldırmaq üçün operativ iş aparırlar. Təbii qazın verilməsində problem yaranan ərazilərdə işlər bu gün də davam etdirilir”.

İbrahim Kəlbəliyev qeyd edib ki, problem müşahidə olunan ərazilərdən daxil olan müraciətlər araşdırılır: “Azəriqaz” İstehsalat Birliyinin “Qaynar xətt” xidməti günün 24 saatı fəaliyyətdədir. Havanın qəfil soyuması nəticəsində təbii qazın verilişində çatışmazlıqla bağlı vətəndaşlar tərəfindən müraciət edilirsə, əməkdaşlarımız tərəfindən dərhal yerindəcə tənzimləmə işləri aparılır. Hazırda hansı ərazidə təbii qazın verilişindəki problemlə bağlı müraciət daxil olursa, əraziyə baxış keçirilir. İndiyə kimi kütləvi şəkildə müraciət daxil olmayıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər