17 Oktyabr 2016 16:45
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstirahətə boş vaxt və imkan tapan kimi valideynlər uşaqlarını harasa aparmaq haqda düşünürlər. Bu, balacaların da ürəyindən olur. Uşaq əyləncə mərkəzlərinə yol belə başlayır. Ancaq yaxşı əylənmək, xoş istirahət etmək üçün boş vaxtın olması yetərli deyil. Gərək cibdə pul, seçməyə imkan da ola...

Bu dəfə vəziyyəti öyrənmək üçün yolumuzu uşaq əyləncə mərkəzlərindən saldıq. İlk baş çəkdiyimiz ünvan Bakıdakı ən böyük və qapalı uşaq əyləncə mərkəzi sayılan “Megafun” oldu.

Mərkəz 3 mərtəbədən ibarətdir, fərqli dizaynı var. Böyük ərazisi müxtəlif oyunlardan ibarət 17 coğrafi zonalara bölünmüş məkanla tanış olduq. Mərkəzin ərazisi böyük olsa da, burada çox az uşaq gördük...

Buz meydançası, dinopark, qorxu tuneli...

4 yaşlı qızını “Megafun”a gətirən Vəfa Bəkirova deyir ki, imkan tapanda uşağıyla bura gəlir: “Girişdə “Balans kartı” alırıq. Pul yükləyib attraksionlardan istifadə edirik. Uşaq oynayır, vaxt bitən kimi həmin oyunu təkrar istəyir. Burada da çoxlu attraksion var. Uşaq görür, istəyir, “yox” deyə bilmirsən. Bu səbəbdən onun əyləncəsinə və özümüzün yeməyimizə xeyli pul xərcləyirik”.

“Azure” əyləncə və alış-veriş mərkəzinin bir hissəsi olan “Megafun”un ərazisi 30 min kvadrat metrdir. Mərkəzdə 200-dən çox attraksion, qorxu tuneli və bir çox əyləncə attraksionları var.

Əyləncə mərkəzinin nəzarətçisi deyir ki, attraksionların qiyməti 1 manatla 10 manat arasında dəyişir: “Əyləncə vasitələrindən istifadə üçün “Balans kartı” keçərlidir, boş kartın dəyəri 1 manatdır. “Balans kartı”nı ilk dəfə aldıqda 5 manatdan aşağı məbləğ yükləmək mümkün deyil. Daha sonra istədiyiniz qədər ödəniş edə bilərsiniz... “Balans kartı”ndan istifadə zamanı attraksion və əyləncə vasitələrinin qiyməti kartinizda olan məbləğdən çıxılacaq”.

Nəzarətçi deyir ki, “Balans kartı” ilə bütün oyunlardan istifadə etmək mümkündür: “Uşaq üçün boilinq oyununun qiyməti 3 manatdır. “Balans kartı”ndan yalnız uşaqlar üçün boilinq oyununun pulu çıxır. Böyüklər oynamaq istədikdə kartdakı puldan əlavə pul ödəməli olurlar.

Mərkəzimizdə dinopark da var, qiyməti 1 manatdır. Oradakı 7 müxtəlif dinozavr attraksionunun hər birindən istifadə 1mantdır.

Dinoparkda dinozavr attraksionundan istifadə üçün uşağın boyu 1.20 sm olmalıdır. Amma boy həddinə məhdudiyyət qoyulmur, uşaqlar ödəniş olduğu halda valideynləri ilə daxil ola bilərlər. Boyu 90 sm-dən aşağı uşaqların girişi ödənişsizdir və yalnız böyüklərin nəzarəti altında içəri daxil ola bilərlər”.

“Megafun”da karaoke, buz meydançası da var. Karaokedən 30 dəqiqə istifadə 10 manat, buz meydançasından istifadə 10 dəqiqə üçün 5 manat, 30 dəqiqə üçün 10 manat, limitsiz 1 gün üçün 20 manat ödəməmək gərəkdir. Əlavə olaraq müəllimlə hazırlaşmağın 30 dəqiqəsi 10 manatdır.

Gördüklərimizdən onu deyə bilərik ki, “Həyəcanın yaşı yoxdur” devizi ilə fəaliyyətə başlayan bu mərkəz əvvəlki məşhurluğunu saxlaya bilməyib...

4 manata “Ferrari” sürmək...

“Park Bulvar” AVM-də yerləşən uşaq əyləncə mərkəzində isə bildirdilər ki, oyun yerlərinə daxil olmaq 2 manata başa gəlir: “Oyun müddəti 1-3 dəqiqə arasıdır. İstifadə olunan kartın qiyməti 1-10 manat arası dəyişir. Əgər siz karta bir dəfəlik 10 manat yükləsəniz, 2 manat, 20 manat yükləsəniz 5 manat, 30 manat yükləsəniz 10 manat əlavə hədiyyə verilir”.

“Gənclik” Mall-da yerləşən “Wonderland” Uşaq Əyləncə Mərkəzində 14 yaşından yuxarı üçün “Ferrari” maşını sürməklə oyunun 4 dəqiqəsi 4 manatdır: “Oyuna başlayandan məğlub olana kimi 4 dəqiqə oynayırsınızsa, 4 manat ödəyirsiz. Əks halda oyun tamamlanır, siz yenidən 4 manat ödəməklə “Ferrari” sürursuz. 14 yaşdan aşağı oyunlar üçün 4 dəqiqəsi 1.50- 2 manat arası dəyişir.

Burada əsasən silah və maşın oyunlarıdır. Həmin ərazidə uşaqlardan ötrü əyləncə vasitələri də var ki, limitsiz oyun üçün 10 manat ödəməlisiz”.

“Kartda pul qalıbsa, onu geri istəyə bilməzsən”

“Wonderland” Uşaq Əyləncə Mərkəzinə uşaq gətirən iki övlad anası Günay Mahmudova deyir ki, adətən, həftəsonu əyləncə mərkəzlərinə gəlir: “Kart alıram, uşaq oynayır. Elə ki oyunu uduzur, aqressivləşir. Hər dəfə əyləncə mərkəzindən evə gedəndə uşaq narazı qalır. Soruşam, cavab verir ki, bəs o biri oyunu oynamadım. Uşaqlar bilmirlər ki, onları əyləndirmək biz valideynlərə maddi çətinlik yaradır”.

“Metro Parka”da “Happyland” uşaq əyləncə mərkəzində 2 manat ödəməklə boş kart ala bilərsiniz. Daha sonra həmin karta pul yükləməklə attraksionlardan istifadə etmək olar. Karta 2 manatdan az pul yükləmək olmaz. Mərkəzdə karta yüklənən pul qaytarılmır. Məsələn, karta 20 manat pul yükləmisiniz. Kartda olan məbləğdən 10 manat pul qalıbsa, onu geri istəyə bilməzsən.

“90 faiz hallarda insanlara rəsmi kassa çeki vermirlər”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, uşaq əyləncə mərkəzlərində attraksionların qiyməti bahadır: “Təəssüf ki, bəzi uşaq əyləncə mərkəzlərində istehsalçı hüququ qorunmur. “Uşaqlar bizim gələcəyimizdir” deyən biznes qurumları onlar üçün qiymətləri düzgün tənzimləmir.

Qadın salonları, uşaq əyləncə mərkəzləri diqqətdən kənarda qalmış, yüksək qiymətlər olan yerlərdir. Bu məkanlarda istehsalçı hüququ ilə bağlı tez-tez problemlər yaşanır. 90 faiz hallarda insanlara rəsmi kassa çeki vermirlər”.

Bütün uşaq əyləncə mərkəzlərində kafelər var. Oradakı su və yeməklərin qiyməti də mağazadan fərqlidir. 40 qəpiyə olan su bu mərkəzlərdə 1 manatdır. Yeməklər isə 10 manatdan yüksəkdir. 1 çaynik çay istəsəniz 8 manat pul ödəməli olasınız. Çay dedik ha...

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər