Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib.
"Report" xəbər verir ki, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılır. Bu, özünü mövcud mədəniyyət və incəsənət obyektlərinin yenidən qurulmasında və yenilərinin inşasında aydın göstərir. Ağstafada müasir üslubda inşa edilən Musiqi Mərkəzi də bu sırada mühüm yer tutur.
Qeyd edək ki, bu mərkəz 1970-ci ildə yaradılıb və bu günədək şəhər 1 saylı tam orta məktəbin yardımçı və təsərrüfat otaqlarında fəaliyyət göstərirdi. Yeni binada zəngin musiqimizin, musiqi alətlərimizin sirlərinə dərindən yiyələnmək üçün hərtərəfli şərait var. Musiqi Mərkəzinin inşası həm də gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli təşkili baxımından vacib layihələrdən hesab olunur. Zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, ətrafda park salınıb, açıq konsert meydançası yaradılıb, ərazinin suvarılması və işıqlandırılması sistemləri quraşdırılıb.
Mərkəzin binası Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamına uyğun olaraq inşa edilib. Qədim musiqi aləti olan ud formasında inşa edilən mərkəzin 300 şagird yerlik binası 3 mərtəbədən ibarətdir. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümummilli liderin və dövlət başçısı İlham Əliyevin rayona səfərlərini və mədəniyyət sahəsinə diqqətini əks etdirən şəkillərdən ibarət fotostend yaradılıb. Mərkəzdə Azərbaycanın görkəmli bəstəkarlarının portretləri də asılıb. Yeni binada 39 sinif, qrup və məşğələ otağı var. Burada xor zalı, kitabxana və mətbəx-kafe də şagirdlərin ixtiyarına veriləcək.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, hazırda Ağstafa şəhər Musiqi Mərkəzində 90 müəllim çalışır və 269 şagird təhsil alır. Burada təhsil müddəti 5 və ya 7 ildir. Təhsil ocağında 400 yerlik müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və inventarla təchiz edilib. Ümumi tikinti sahəsi 2400 kvadratmetrə yaxın olan bina mərkəzi isitmə sistemi ilə təchiz olunub, müasir havalandırma qurğuları quraşdırılıb.
Prezident İlham Əliyev oktyabrın 19-da həmçinin Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Bu gün digər sahələr kimi mədəniyyət sahəsi də dövlətimizin yüksək qayğısı ilə əhatə olunub. Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində gündən-günə güclənən qayğı bu gün özünü daha aydın büruzə verir. Bu sahədə çalışanların iş şəraitini günün tələbləri səviyyəsinə çatdırmaq üçün məqsədyönlü tədbirlər uğurla davam etdirilir. Ağstafa Rayon Mədəniyyət Mərkəzinin əsaslı şəkildə yenidən qurulması bu qəbildən olan tədbirlərdəndir. Bu cür layihələrin paytaxtla yanaşı, regionlarda da geniş vüsət alması, ümumilikdə, respublikamızda mədəniyyət sahəsinin inkişafına töhfə verir.
Dövlət başçısı Mədəniyyət Mərkəzinin binasında yaradılan şəraitlə tanış olub.
Azərbaycan Prezidentinə məlumat verilib ki, Ağstafa Rayon Mədəniyyət Mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli Sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb. Mərkəzin əsas tamaşa salonu tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda müasir oturacaqlar quraşdırılıb və yüksək standartlara uyğun səhnə yaradılıb.
Havalandırma sistemi ilə təchiz olunan binanın ümumi sahəsi 680 kvadratmetrdir. Burada kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində əsaslı təmir işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, səkilərə dekorativ daş döşənib, asfalt örtüyü yenilənib.