Qış fəsli gəlməsə də soyuqlar erkən düşüb, əhalinin təbii qaza tələbatı artıb. Artıq ilk ölüm xəbərləri də gəlməyə başlayıb. Qış aylarında dəm qazından boğulanlarla bağlı tez-tez məlumatlar yayılır. Təəssüf ki, qaz sobaları təkcə evləri isitmir, həm də insanların həyatına son qoyur.
İki həftədə 14 nəfər dəm qazından zəhərlənib
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Teleqraf.com-a bildirdi ki, havalar soyuyub deyə, müraciətlərin sayında artım var: “Yay ayında 1-2 nəfər müraciət edirdi. Artıq havalar soyub, müraciətlər də çoxalıb. Keçən həftə 8, bu həftə isə 6 nəfər dəm qazından zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edib”.
Azər Maqsudov dəm qazından zəhərlənmə halı barədə də məlumat verdi: “Belə zəhərlənmələr zamanı ürək bulanması, üz nahiyəsində qızarma, baş ağrıları olur. Hamam otağı isti olduğundan dəm qazından boğulma zamanı ölüm halı tez baş verir. Çünki isti nəticəsində damarlarda qanın hərəkəti intensivləşir. Beyinin zərərli qanla təchizi insan həyatına təhlükə yaradır”.
Hesabatlar hazır deyil
Energetika Nazirliyi Qaz Nəzarət İdarəsindən bildirildi ki, qurum öz səlahiyyətləri çərçivəsində evlərdə texniki nəzarət sahəsi üzrə müvafiq tədbirlər görür. Hesabatlar hazır olduqda məlumatlar açıqlanacaq.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, qaz sobalarında keyfiyyət amilinin yüksəldilməsi istiqamətində komitə beynəlxalq tələblərə uyğun olaraq islahatları davam etdirir: “2015-ci qazla işləyən cihazlara dair mövcud standartların vəziyyəti araşdırıldı və ötən ilin əvvəlində AZS-Məişət qızdırıcı qaz konvektorları adlı dövlət standartı təsdiq edildi. Bu standart Avropa və beynəlxalq standartların əsasında hazırlanıb, standartda qazla işləyən qızdırıcıların təhlükəsizlik tələbləri və sınaq üsulları daxil edilib.
Xatırlayırsızsa 4-5 il bundan əvvəl ölkədə baş verən bədbəxt hadisələrin təhlili araşdırılarkən məlum oldu ki, faciə ilə nəticələnən hadisələrin səbəblərindən bəziləri istehlakçıların təhlükəsizlik normalarına düzgün riayət etməməsi, bəziləri isə qaz sobalarının təhlükəsizlik standartlarına cavab verməməsidir. O zaman İrandan və digər xarici ölkələrdən qaz sobaları idxal edilərkən avadanlığın üzərində təhlükəsizlik cihazları gətirilmirdi. Sahibkarlar bunu cihazların satış qiymətinə təsir edəcəyi ilə izahlayırdılar. Ancaq dövlət qurumlarının səyi nəticəsində bu məsələ həllini tapdı. Hazırda Dövlət Komitəsinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanlari qaz sobalarının sınağını aparılarkən bu amillərə diqqət yetirir”.
Fazil Talıblının sözlərinə görə, alıcılar qazla işləyən cihaz alarkən satıcıdan mütləq uyğunluq sertifikatı tələb etməlidirlər: “Uyğun qurumları qaz sobalarını sertifikatlaşdırarkən bütün təhlükəsizlik normalarını yoxlayır, sonra rəsmiləşdirmə aparırlar. Sertifikatsız sobaların Azərbaycanda satışı istisna edilmir. Yoxlama funksiyası 2 il müddətinə dayandırıldığından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidməti hazırda araşdırılma aparmır. Bu sahədə ictimai nəzarət bizim komitənin səlahiyyətləri daxilindədir və hesab edirik ki, keyfiyyətli və təhlükəsizliyi təsdiq edilməyən sobaları almaq yolverilməzdir. Təbii ki, sobaların təlimata uyğun quraşdırılması da vacibdir”.
“50 manat insan həyatından bahadırmı?”
Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımovun sözlərinə görə, dəm qazından boğulmalar səhlənkarlıqdan baş verir: “Dəfələrlə insanlara xəbərdarlıq edirik ki, gecə qazı yanılı qoyub yatmayın. Uşaqlara, qocalara qazla rəftar etməyə icazə verməyin. Dəm qazından zəhərlənmələrin əksəriyyəti hamam və yataq otağında baş verir.
Əslində vanna otağının qapısının altında 0,02 diametr ölçüdə deşiklər açılmalıdır ki, oradan içəri hava girsin. Bir kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmazlığı olanda cihazlar karbon-4 oksid əvəzinə karbon-2-oksid hasil edir. Bəzən ustalar qaz keçən deşikləri böyüdürlər. Bu, qazın yanma prosesini pozur və dəm qazından zəhərlənmə halları baş verir. Dəm qazı otağa daxil olduğu müddətdən 7-30 dəqiqəyə insan həyatına son qoya bilir. Onu da deyim ki, tüstü bacaları payızda yoxlanmalıdır”.
Ekspertin sözlərinə görə, mağazalarda təhlükəsiz siqnalı aparatı satılır, həmin cihazlar dəm qazı zamanı reaksiya verir, xəbərdarlıq edir: “İnsanlar on minlərlə dollar xərcləyib ev alır, ev tikir, amma 50 manata bu siqnal aparatını almağa xəsislik edirlər...”
“40 ildir tüstü bacaları düzgün təmizlənmir”
Nüsrət Qasımov deyir ki, Azərbaycanda tüstü bacalarının təmizləyən qurum yaradılmasına ehtiyac var: “40 ildir tüstü bacaları düzgün təmizlənmir. Kim necə istəyir, elə təmizləyir. Halbuki bacaların quraşdırılması və təmizlənməsi texnologiyası var. Fikrimcə, belə bir quruma ehtiyac böyükdür. Həmin qurum müvafiq avadanlıqlarla təmin edilməlidir. Dəm qazından boğulma halları ilə bağlı bizə çoxsaylı şikayətlər gəlir. Biz şikayətlər qarşısında acizik”.
Ekspert dəm qazından qorunma yollarından da danışdı: “Dördgöz sobalar olan otaqda qazı yanılı qoyub yatmaq olmaz. Payız ayında tüstü bacaları təmizlənməlidir. Təcrübələrə görə, əsasən dəm qazından zəhərlənmələr vanna və yataq otaqlarında olur. Bunu nəzərə alaraq həmin otaqlardakı qaz cihazlarına xüsusi diqqət yetirmək gərəkdir ”.
FHN xəbərdarlıq edir
Fövqəladə Hallar Nazirliyi (FHN) hər il dəm qazından zəhərlənmələrlə bağlı vətəndaşlara xəbərdarlıq edir: “Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir.
Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir.
Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir. Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraş-dırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz.
Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəslikər açıq olmalıdır.
Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.
Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-ol-mamasına diqqət yetirin.
Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etəmiyin.
Tüstü borusu olmayan sosobaları aımayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır.
Dəm qazı ilə zəhərlənən insanlar əksər hallarda özü-özünə kömk edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər.
Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını aşmaq lazımdır. Oksigen yastıqlarında istifadə edilir.
Alın və sinəyə soyuq kompress qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, o zaman ona isti çay verin.
Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vax-tında hiss edib məkanı tərk etdikdə, o zaman sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir.
Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar.
Dəm qaqazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır. Unutmayın, hər hansı bir fövqəladə hadisə baş verdik-də "112" qaynar xəttinə müraciət edin!”
İlhamə ƏBÜLFƏT