Teleqraf.com hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə müsahibəni təqdim edir:
- Prezidentin donorlarla bağlı imzaladığı fərmanı necə qiymətləndirirsiniz?
- Çox müsbət qəbul edirik. Biz bunu gözləyirdik. Ehtimal edirik ki, bundan sonra da sərəncamlar olacaq. QHT-lərin qrantları sərbəst alması, sərbəst fəaliyyət göstərməsi üçün vacib olan şərait yaranacaq. Görək necə olacaq.
- Bu fərman sizə hansı imkanlar yaradacaq?
- Şübhəsiz ki, müəyyən imkanlar yaradacaq. Bu sözsüzdür. Həmçinin beynəlxalq təşkilatların qeydiyyat məsələsi asanlaşacaq. Üstəlik biz özümüz layihələrlə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Beynəlxalq təşkilatların burada problemlə qarşılaşmaması da vacibdir.
- Siz bir müddət əvvəl QHT Şurasında toplaşaraq müzakirələr aparmışdınız. Hansı məsələləri müzakirə etmişdiniz?
- Sözügedən platformada əksər QHT rəhbərləri iştirak edirdi. Biz orada bu məsələləri qaldırmışdıq, təklif edirdik ki, QHT-lərlə bağlı bəzi maneələri aradan qaldırmaq lazım və vacibdir. Qeyd edim ki, bu işlə platformanın özü də ciddi işlər həyata keçirib.
- Müşahidələr göstərir ki, yeni məhbus siyahıları hazırlanır. Buna münasibətiniz necədir?
- Bizim özümüzün siyahımız var və neçə illərdir ki, bu siyahı əsasında işləyirik. Digər siyahıları nəzərə almırıq və izləmirik.
- Sizin siyahıda neçə məhbusun adı var?
- Bilirsinizmi, bu siyahı daima dəyişir. Bildiyim qədər siyahıda doqquz nəfərin adı var. Bunlar əsasən, jurnalistlər, bloggerlərdir. Eyni zamanda müəyyən araşdırmalar aparırıq.
- Hazırda yeni siyahı hazırlayan şəxslər açıq olmasa da, örtülü formada bir-birini “vururlar”. Buna səbəb nə ola bilər?
- Onlar bir-birinə qarşı müəyyən fikirlər söyləyirlər. Odur ki, biz bu prosesdə tərəfə çevrilmək niyyətində deyilik və onların işlərinə qarışmırıq. İkincisi, hesab edirik ki, saxlanılan dindarlarla bağlı məhkəmələri gözləmək, onların gəldiyi qərarları bilmək vacibdir. Həmçinin düşünürük ki, onların məhkəmə prosesi obyektiv keçməli, bir çoxları azadlığa buraxılmalıdır. Bu məsələləri daha dəqiq araşdırmaq lazımdır. Əslində siyahı tərtib etmək və mümkün qədər ora daha çox adamın adını əlavə etməkdə məqsədin nə olduğunu siz məndən də yaxşı bilirsiniz.
- Siyahının çox olması onu tərtib edənlərə hansısa üstünlük yaradır?
- Bu, hər hansı bir üstünlük yaratmır. Bizim həmin hüquq müdafiəçiləri ilə hər hansı bir kontaktımız yoxdur Həm də, biz təkcə siyahımızda olan məhbusları deyil, eyni zamanda yüzlərlə insanları qarşılığında nəsə gözləmədən müdafiə edirik. Ancaq o böyük-böyük siyahılar yazanlar hamısını pul qarşılığında edirlər.
- İnsan hüquq və haqlarının qorunması məqsədilə yaradılan Birləşmiş İşçi Qrupunun toplantısı nə zaman keçiriləcək?
- İşçi Qrupu bu yaxınlarda toplaşacaq. Bizim İşçi Qrupunda fəaliyyət göstərən bir sıra qurumlarla görüşlərimiz olur. Konkret olaraq Daxili İşlər Nazirliyi, Prokurorluq, Ədliyyə Nazirliyi rəhbərliyi ilə fərdi görüşlərimiz olur, hansısa problemləri qaldırırıq. Ancaq İşçi Qrupunun özünün toplantısı oktyabrın sonu və ya noyabrın əvvəllərində baş tuta bilər.
- Hazırda sizə müraciətlər hansı səviyyədədir?
- Adi vətəndaşlardan müraciətlər çoxdur. Biz də səbrlə bu ərizələri qəbul edir və araşdırırıq.
- Bəs problemləri həll edə bilirsinizmi?
- Şübhəsiz ki, həll edirik. Elə əksər qurumlarla görüş və təmaslarımız da bu məqsədlə həyata keçirilir. Həmçinin qeyd edim ki, biz həmişə QHT-lərin qeydiyyatı məsələsini qaldırırıq, onların hesablarının açılması barədə danışırıq. Bu saat platformada, İşçi Qrupunda bu məsələlər müzakirə edilir. Çoxlu sayda qurumlar var ki, onlarla dialoq vasitəsilə bir çox problemləri həll etmək mümkün olur.
- Son illər sanki sizin beynəlxalq əlaqələriniz zəifləyib, AŞPA-nın sessiyalarına da qatılmırsınız. Buna səbəb nədir?
- Biz indi çalışırıq ki, problemləri daha çox Azərbaycanda həll edək. Avropa strukturları ilə daha çox Bakıda görüşlər keçiririk, bura gələn mütəxəssislərlə təmaslarımız olur. Biz öz dövlətimizlə problemləri həll etməyi daha münasib sayırıq. Baxın, Avropada çoxlu sayda bizim hüquq müdafiəçiləri oturublar və fəaliyyət göstərirlər. İndiyə qədər onlar hansı məsələni həll ediblər? Ancaq biz AŞ PA-da və digər qurumlarda olanda nələrisə həll edə bilirdik. Çünki bizim həm Avropa Şurası, həm də Azərbaycan hökuməti ilə dialoqumuz var idi. İndi çox adam ora gedir, çıxış edir və s. Bəs indiyə qədər hansı məsələləri həll edə biliblər, kimlərin azadlığa buraxılmasına nail olublar? Baxanda azad edilənlərin çoxu bizim siyahımızda olan şəxslər olub, onların azadlığa çıxması üçün fəaliyyət göstərmişik.
- Yaxın dövr üçün əfv gözləyirsiniz?
- Yaxın müddətdə gözləmirik. Bizim ehtimalımıza görə, əfv dekabrın sonlarında veriləcək.
NEMƏT