İstefada olan general-mayor Əli İmran oğlu Kazımov uzun sürən xəstəlikdən sonra 2016-cü il oktyabr ayının 26-da ömrünün 60-cı ilində vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyi rəhbərliyinin başsağlığında bildirilir ki, Əli İmran Kazımov 17 fevral 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olub.
1973-cü ildə Bakı şəhərindəki 8 nömrəli orta internat məktəbini bitirdikdən sonra S.M.Kirov adına Qırmızı Bayraqlı Xəzər Ali Hərbi-Dəniz Məktəbinə daxil olub və şturman fakültəsini müvəffəqiyyətlə başa vuraraq "mühəndis-şturman" ixtisasına yiyələnib.
1978-1989-cu illərdə Şimal Donanmasında xidmət edərək mühafizə gəmisində şturman, atom sualtı qayığında qrup komandiri, xilasedici gəmilər divizionu komandiri və maqnitsizləşdirmə gəmisinin komandiri vəzifəsinin icraçısı kimi göstərilən etimadı layiqincə doğruldub.
1989-1992-ci illərdə Leninqrad şəhərində Arxa Cəbhə və Nəqliyyat Hərbi Akademiyasının komandanlıq fakultəsində ali hərbi təhsil alan zabit
Əli Kazımov SSRİ dağıldıqdan sonra könüllü olaraq 2-ci dərəcəli kapitan kimi Azərbaycana qayıtmış və 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabr ayınadək Hərbi Dəniz Qüvvələri qərargahının təşkilat-səfərbərlik və komplektləşdirmə bölməsinin rəisi vəzifəsində xidmətini davam etdirib.
1993-cü ilin dekabr ayından 1994-cü ilin sentyabr ayınadək cəbhə bölgəsində "N" nömrəli briqada komandirinin arxa cəbhə üzrə müavini vəzifəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib.
1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində "İqtisadiyyat və qoşun təsərrüfatı", "Qoşunların arxa cəbhəsi" kafedralarının rəisi, 1995-ci ilin iyun ayından isə Müdafiə Nazirliyi Təşkilat-Səfərbərlik İdarəsi rəisinin müavini və Təşkilat-Səfərbərlik İdarəsinin rəisi-Baş Qərargah rəisinin müavini vəzifəsini icra edib.
Azərbaycan Respublikası Müdafiə nazirinin 25 fevral 1996-cı il tarixli əmri ilə Əli Kazımova "1-ci dərəcəli kapitan" və Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli əmri ilə "general-mayor" ali hərbi rütbəsi verilib.
Sonralar Müdafiə nazirinin məsləhətçisi, Müşavirlər qrupunun müşaviri, İnspektorlar qrupunun inspektoru vəzifələrində xidmət edən general-mayor Əli İmran oğlu Kazımov 17 oktyabr 2014-cü ildə xəstəliyə görə istefaya buraxılıb.
Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilərək 10 döyüş medalı ilə təltif olunub və müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı idi.