28 Oktyabr 2016 17:03
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İdmanda dopinqin qarşısının alınması və onunla mübarizə haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.

Komitə sədri deyib ki, Azərbaycan dünya əhəmiyyətli idman yarışlarına ev sahibliyi edir: “Bu gün ölkəmiz böyük idman yarışları ilə diqqətini cəlb edir. Biz də idman qanunvericiliyi məsələsinə ciddi diqqət edirik. Azərbaycan idman sahəsində beynəlxalq konvensiyalara qoşulub. Bura dopinqə qarşı beynəlxalq konvensiya da daxildir. Azərbaycanda dopinqlə bağlı məsələyə nəzarət edilir, idmançılar xüsusi nəzarətdən keçirilir. Azərbaycanın özünün dopinqlə bağlı qanunu yoxdur. Odur ki, yeni qanun layihəsi hazırlanıb. Bu müddətdə dopinq məsələsi ətraflı araşdırılıb. Qanun layihəsində dopinq nəzarətinin həyata keçirilməsi, bu hal aşkarlandıqda atılacaq addımlar və digər vacib hallar nəzərdə tutulub”.

Komitə sədri deyib ki, yeniyetmələrin dopinq qəbul etməsinə görə ciddi sanksiyalar nəzərdə tutulub.

Qeyd edək ki, qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.

Daha sonra müzakirələr başlayıb.

Spiker müzakirələrə yazılan deputatların çoxunun Gənclər və idman komitəsinin üzvü olduğuna görərək replika atıb: “Müzakirəyə yazılanlar Fuad Muradovun sədri olduğu komitənin üzvləridir. Sizi tərif etmək istəyirlər?”.

Qüdrət Həsənquliyev isə deyib ki, Azərbaycan idmançılarının adı bəzən dopinq qalmaqalında hallanır: “Qanunda idman federasiyalarının məsuliyyət məsələsi qoyulmalıdır”.

Deputat daha sonra deyib ki, İslandiya Avropa çempionatında müsbət nəticə göstərib: “Bu dünyada xüsusi maraqla müzakirə edilirdi. İslandiyanın 330 min vətəndaşı var. Əvvəl bu ölkədə gənclərin, yeniyetmələrin, şagirdlərin siqaret və spirtli içkilərə marağı yüksək olub. Sonradan bunun qarşısını almaq üçün ciddi müzakirələr aparılıb, qərara gəlinib ki, orta məktəbdə futbol dərsləri salınsın, qısa müddətə 150 futbol stadionu tikilib. Əlavə futbol məktəbləri açılıb. Sonda gənclərdə, şagirdlərdə futbola böyük maraq yaradılıb. Bizdə rayonlarda Olimpiya Komitələri tikilib. Onların çoxu rayon mərkəzlərindən kənardır. Odur ki, bu strukturlardan çoxluğun istifadəsi bəzən mümkün olmur. Bu məsələlərə diqqət edilməlidir”.

Aqil Abbas isə deyib ki, Olimpiya Komitələrindən il ərzində neçə idmançı yetişdirdiklərini tələb etmək lazımdır.

Qeyd edək ki, müzakirələrdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.

Qanun layihəsi I oxunuşdan qəbul edilib.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər