28 Oktyabr 2016 22:13
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycana yeni təyin edilmiş səfiri Cavad Cahangirzadə Mətbuat Şurasında (MŞ) olub.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonağı rəhbərlik etdiyi qurumun iş istiqamətləri barədə məlumlandırıb. O bildirib ki, MŞ gündəlik fəaliyyət missiyası ilə yanaşı jurnalistlərin dünyanın müxtəlif ölkələrinin media quruluşları ilə əlaqələrinin formalaşmasını həyata keçirməkdədir. Bu baxımdan qonşu ölkə olan İranın kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə qarşılıqlı təmaslar da olduqca vacibdir: "İran və Azərbaycanı bir-birinə ortaq tarix bağlayır. Bu tarix hər iki ölkə xalqlarının keçmişdəki yaşantılarına əsaslanır. Bu yaşantılarda isə ortaq mədəniyyət, adət və ənənələr var. Hesab edirəm ki, hazırda hər iki ölkənin jurnalistləri özlərinin yaradıcılıq məhsulları ilə ənənələri yaşatmalı, eyni zamanda təcrübə mübadiləsi aparmalıdırlar".

MŞ sədri əlavə edib ki, ötən müddətdə İrandan Azərbaycana, Azərbaycandan İrana çoxsaylı jurnalist səfərləri reallaşıb. Bu işin həyata keçirilməsində İranın Azərbaycandakı keçmiş səfiri Mohsin Pakayinin xidmətləri böyük olub. Ə.Amaşov C.Cahangirzadənin əsası qoyulmuş xoş ənənəni daha məhsuldar şəkildə davam etdirəcəyinə əminliyini vurğulayıb.

C.Cahangirzadə İran və Azərbaycan arasındakı münasibətlərin yüksək inkişaf tempinə malik olduğunu bildirib. O deyib ki, bu münasibətlərin media müstəvisində də müntəzəm şəkil alması olduqca faydalıdır və rəhbərlik etdiyi diplomatik missiya prosesə hər cür dəstək verməyə hazırdır.

Görüşdə yaxın gələcəkdə İrandan Azərbaycana, Azərbaycandan isə İrana jurnalistlərin qarşılıqlı səfər proqramının gerçəkləşdirilməsi, habelə media təmsilçilərinin iştirakı ilə birgə konfransların təşkili məsələləri müzakirə edilib.

MŞ sədri həmçinin bilbirib ki, noyabrın 5-də İran İslam Respublikası Mətbuat və Xəbər Agentliklərinin 22-ci sərgisində iştirak etmək üçün İranın paytaxtı Tehrana səfər edəcək. Deputat səfərin qarşılıqlı media əməkdaşlığını gücləndirmək baxımından faydalı görüşlərlə yadda qalacağına əminliyini vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər