ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətini Azərbaycanın Zəngilan rayonunun işğalı haqqında məlumatlandırma üzrə səkkiz ildir keçirdiyi növbəti kampaniyaya başlayıb. Teleqraf.com-un məlumatına görə, prezident Barak Obama, dövlət katibi Con Kerri, ABŞ Konqresinin üzvləri, ştatların qanunvericiləri və administrasiyaları, habelə ABŞ KİV-lərinə ünvanlanan müraciətdə qeyd olunur ki, Zəngilan rayonuna hərbi təcavüz nəticəsində 83 yaşayış məskəni işğal edilib, 35 mindən çox azərbaycanlı doğma yurdundan didərgin düşüb.
Bununla bağlı 1993-cü il noyabrın 12-də BMT Təhlükəsizlik Şurası erməni təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 884 nömrəli qətnamə qəbul edib. Müraciətdə, həmçinin deyilir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini (822, 853, 874, 844), BMT Baş Assambleyasının 62-243 nömrəli qətnaməsini və Avropa Şurası Parlament Assambleyasının erməni təcavüzünü pisləyən 1416 nömrəli qətnaməsini hələ də yerinə yetirmir. Bundan əlavə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində xaricdən gəlmiş etnik erməniləri məskunlaşdırmağa davam edir, bununla da beynəlxalq hüququ pozur.
Daha sonra müraciətdə Azərbaycan rayonlarının işğalı və ölkəmizdə məcburi köçkünlərə dair statistik məlumatlar qeyd olunub.
Qeyd edək ki, oktyabrın 29-da Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23 ili tamam oldu.
Səxavət