Tovuz rayonunda göz xəstəliyindən əziyyət çəkənlərə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tibbi xidmət göstərib.
Teleqraf.com-un məlumatına görə, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Tovuz rayonundan olan deputat Qənirə Paşayevanın təşəbbüsü ilə növbəti aksiyasını təşkil edib. Millət vəkili müayinəyə gələnlərlə görüşüb və onların problemləri ilə yaxından tanış olub, bir çox problemli müraciətləri yerindəcə həll edib.
Səyyar klinikada xarici dövlətlərdə ixtisas almış yüksək səviyyəli həkim briqadası calışır. Klinikaya müraciət edən sakinlərin gözü diaqnostik müayinə olunub, əməliyyata ehtiyac olanlar əməliyyat edilib. Xüsusilə ön cəbhə bölgələrində yaşayan və göz xəstəliklərindən əziyyət çəkən sakinlərin bir çoxuna aksiya zamanı dəstək göstərilib.
Qeyd edək ki, səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə edib. Oktyabrın 29-30-da keçirilən aksiyada 300-ə yaxın Tovuz sakininə baxış keçirilib və onlardan 20 nəfəri əməliyyat olunub.
Aksiyada iştirak edən millət vəkili Qənirə Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov onların xahiş və müraciətlərini dəstəkləyərək Tovuza belə bir briqada göndərən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinə və Tovuza gələn səyyar həkim briqadasına təşəkkürlərini bildiriblər.
Qənirə Paşayeva bir sıra xəstələrin müayinəsində iştirak edib və bütün xəstələrə şəfalar diləyib, onların qayğıları ilə maraqlanıb.
Nərgiz