Oktyabrın 30-da Gürcüstanda parlament seçkilərinin II turu keçirilib. Azərbaycanlıları bu seçkilərdə daha çox 36 saylı Marneuli seçki dairəsi və buradan kimin qalib gələcəyi maraqlandırıb.
Teleqraf.com xəbər verir ki, seçkilərin I turunun keçirildiyi 8 oktyabrda bu dairədə Vahid Milli Hərəkat Partiyasından namizəd olan Əhməd İmamquliyev daha aktiv fəaliyyət göstərib, lakin son anda bu dairədə yetərsayın olmadığı, heç bir namizədin 50+1 toplamadığı elan edilib. Bundan sonra namizəd Ə.İmamquliyev seçkilərin saxtalaşdırıldığını, amma II turda ciddi mübarizə aparacaqlarını elan edib. Lakin Əhməd İmamquliyev II turda məğlub olub.
Yeri gəlmişkən qeyd edək ki, İmamquliyevin rəqibi hakim “Gürcü Arzusu” Hərəkatının namizədi Tamaz Naveriani olub. Tamaz Naveriani Gürcüstanda yaşayan azsaylı svanların təmsilçisidir. Onun azərbaycanlıların sıx yaşadığı Marneulidə qalib elan olunması bir qədər təəccübə səbəb olub.
Qeyd edək ki, oktyabrın 30-u axşam saatlarında Naveriani və Gürcüstan hökumətinin rəsmisi Sozar Subari Marneulinin Qızılhacılı kəndində olublar. Hansı ki, bu kənddə seçkilərin I turunda Əhməd İmamquliyev daha ciddi nəticələr ortaya qoymuşdu.
II tur seçkilər haqqında danışan Əhməd İmamquliyev isə deyib ki, seçkilər saxtalaşdırılıb, habelə seçicilərin böyük əksəriyyəti təhdid edilib. Onun sözlərinə görə, seçicilərə təzyiq edərək onlardan hakimiyyətdə olan partiyanın namizədinə səs vermələri tələb edilib.
Əhməd İmamquliyev daha sonra bəyan edib ki, seçicilərə təzyiq edən şəxs azərbaycanlı polis rəisi Bəhruz Abdurrahmanovdur.
İmamquliyev deyib ki, onlar mübarizəni davam etdirəcəklər: “Seçkinin nəticələrinin tanınmaması ilə bağlı qanun çərçivəsində mübarizəmiz davam edəcək. İnanmıram ki, hakim partiyanın nəzarətində olan məhkəmələr bununla bağlı doğru qərar çıxarsın. Lakin bütün bunlara baxmayaraq, sona qədər mübarizə aparacağıq”.
Onu da qeyd edək ki, Əhməd İmamquliyev seçkilərdən qalib çıxmaması Marneulidə yaşayan aktiv soydaşlarımızın kəskin etirazı ilə diqqəti cəlb edib.
Gürcüstanda yaşayan siyasi fəal Samirə Bayramova qeyd edib ki, seçki mübarizliyi Qafqazda ilk dəfə idi. Onun sözlərinə görə, ən yaxşı hal odur ki, mübarizədən boyun qaçırılmadı və sona qədər mübarizə aparıldı: “Ən pisi odur ki, bu mübarizədə səni öz qanın və canın arxadan vurmaq üçün fürsət axtarışında olsun. Ədalətli uğurdan narahat olanlar buna qədər 7 gənci həbs etdilər, bəzi biznesmenləri sındırmaq üçün onlara əsassız cərimələr yazıldı. Mən deyərdim ki, bu bir qələbə idi. Hamıya bəllidir ki, biz əsrlərlə burada yaşayırdıq, amma gürcü qardaşlarımız bundan bixəbər idilər. Əhməd İmamquliyev sağ olsun, artıq dünya bilir ki, Gürcüstanda Kvemo Kartli deyilən yerdə bir toplum var ki, sındırılır, alçaldılır. Amma yenə də mövcuddur və davam edir. Mən şəxsən Əhməd İmamquliyevi təbrik edirəm, bu həqiqətən qələbədir. Baxmayaraq ki, sonda yanında çox az adam qaldı, amma yenə də sona qədər davam etdi. Biz şəxs olaraq Əhməd İmamquliyevi dəstəklədik. Çünki parlamentə bir dəfə olsa da, layiqli deputat seçilmək, layiqli namizəd seçmək uğrunda mübarizə aparıldı”.
Qeyd edək ki, II tur seçkilərdə Bolnisi rayonunda azərbaycanlı namizəd Samirə İsmayılova da iştirak edib. Əhməd İmamquliyev kimi Samirə İsmayılova da nəticələrə görə, məğlub olub.
NEMƏT