Bu gün Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) fəaliyyətinə dair mətbuat konfransı keçirilib.
Nazirlikdən Teleqtaf.com-a verilən məlumata görə, tədbirdə bildirilib ki, səhiyyə naziri Oqtay Şirəliyevin 01.12.2005-ci il tarixli “Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin (sanaviyasiya) təkmilləşdirilməsi barədə“ 140 saylı əmrinə əsasən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının təxirəsalınmaz və planlı-konsultativ tibbi yardım şöbəsi (sanaviyasiya) ləğv edilərək onların funksiyaları Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına verilib.
Qeyd olunub ki, Oqtay Şirəliyev tərəfindən 24.07.2006-ci il tarixli əmri ilə SNTTTYS-nın regional məntəqələrinin yaradılması baş vermiş yol-nəqliyyat hadisələri və digər qəza hallarında zərərçəkmişlərə təcili, təxirəsalınmaz və konsultativ tibbi yardım göstərilməsinə lazımi şərait yaradır.
Hazırda respublika üzrə 12 regional məntəqə var. Məntəqələrin hər birində yüksək səviyyəli həkimlər və orta tibb işçiləri fəaliyyət göstərir. 113 regional məntəqələri bütün lazımi tibbi avadanliqlar, sarğı materialları və dərman preparatları ilə habelə müasir reanimobillərlə təmin olunub.
Tədbirdə qeyd edilib ki, regionlarda səhiyyə xidməti yüksək səviyyədə təşkil edilib. Lakin zəruri hallarda regionlarda təcili təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslər ixtisaslı mütəxəssislər tərəfindən paytaxt Bakıya çatdırılır. Yerində keçirilən konsiliumun qərarından asılı olaraq xəstənin Bakıya köçürülməsi təşkil olunur.
Bu gün mediada rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstə göndərilməsinə qadağa qoyulması haqda məlumatlar yer alıb.
İlhamə ƏBÜLFƏT