1 May 2014 21:41
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlılar hər zaman təhsil, elm, mədəniyyətə böyük üstünlük veriblər. XIX əsrin sonu XX əsrin əvvəllərində maarifçilərimizin qoyduqları irs hələ də yaşamaqdadır. Amma mövcud təhsil sistemindəki problemlər bu sahənin güclənməsinə ciddi maneə olur.

Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda korrupsiya cinayətlərinə daha çox təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlinib. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən verilən məlumata görə, 2013-cü il ərzində İdarənin İstintaq şöbəsi tərəfindən 367 şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Səhiyyə sahəsində 22 şəxs barəsində 14 cinayət işi, təhsil sahəsində 25 şəxs barəsində 14 cinayət işi, sosial təminat sahəsində 16 şəxs barəsində 4 cinayət işi, əmlak məsələləri üzrə 2 şəxs barəsində 1 cinayət işi, yerli icra hakimiyyəti orqanlarının 8 əməkdaşı barəsində 6 cinayət işi açılıb.

Təhsildə korrupsiya faktının olduğunu dövlət rəsmiləri də etiraf etməkdədirlər.
Qeyd olunur ki, təhsildə həm idarəçiliyin təşkili, həm də məzmunun keyfiyyəti ilə bağlı problemlər var və bu halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir. Ali təhsil müəssisələrində dekanlıqların məsuliyyətinin artırılmasını və şəffaflığın təmin olunmasını, kafedraların, müdafiə şuralarının fəaliyyəti, dərsliklərin keyfiyyəti və müasir tələblərə uyğun olmaması, kitabxanaların elektron xidmət potensialının və universitetlərin internet səhifələrinin aşağı səviyyəsi, müasir ixtisaslara tələbin olması danılmaz faktdır.
Ekspertlər bildirirlər ki, Azərbaycanda təhsil sistemində köklü islahatların aparılmasına ehtiyac var. Təhsilin aşağı səviyyədə olması narkomaniyaya, işsizliyə, cinayətə yol açır. Ən əsas insanlar öz hüquqlarını bilmir və asanlıqla fırıldaqçıların toruna düşə, bürokratik əngəllə üzləşə bilirlər.

Murad Əhmədov


Müəllif: