“Yeni tikilən mənzillərə qaz sızmasını aşkar edən detektorlar məcburi şəkildə quraşdırılır”.
Bunu Teleqraf.com-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Eldar Əhmədov deyib.
Eldar Əhmədovun sözlərinə görə, cihazlar yalnız yeni çəkilən qaz xətlərində tətbiq olunur: "Mövcud qaz xətlərinə yeni cihazların quraşdırılması üçün vətəndaşlar fəal olmalı, buna maraq göstərməlidirlər. Vətəndaşlar Qaz İstismarı İdarəsinə və ya ixtisasllaşdırılmış lisenziyalı qurumlara müraciət edərlərsə, köhnə xətlərdə də detektorlar quraşdırılır. Mütəxəssis göstərilən ünvana gəlir, qaz kəmərinə müdaxilə edərək xüsusi bir elektromaqnit klapan deyilən detalı həmin xəttə yerləşdirir və qaz sızıntısını aşkarlayır.
Detektorlar isə vətəndaşın qaz cihazı hardadırsa ora quraşdırılır. Bu halda insanlar dəm qazı sızması zamanı xəbərdar olurlar”.
Baş məsləhətçinin sözlərinə görə, cihazların alınması və quraşdırılması vətəndaşın hesabına aparılır.
İlhamə ƏBÜLFƏT