Donald Trampın ABŞ prezidenti seçilməsi bir çoxları üçün gözlənilməz olub.
Teleqraf.com tanımışlara “Donald Trampın prezident seçiləcəyini gözləyirdinizmi?” sualı ilə müraciət edib.
Xalq artisti Faiq Ağayev: “Seçkidə əvvəlcədən dəqiq proqnoz vermək olmur. Təbii ki, Hillari Klintonun namizədliyi daha əlverişli görünürdü. Çünki dövlət idarəçiliyində təcrübəsi vardı, seçkiyə daha çox pul xərcələmişdi.
Amma unutmayaq ki, Amerikanı yalnız prezident idarə etmir. Amerikanın daimi maraqları və siyasəti var. Kim prezident olsa o xətti dəstəkləyəcək və həmin siyasətlə öıkəni idarə edəcək.
Deyim ki, Donald Trampın yüz faiz prezident seçiləcəyini düşünürdüm, yalan olar. Çünki xarici mətbuatı çox izləyirəm. Amerikada, Fransada, İngiltərədə çıxan məqalələri izləyirdim. Orada camaatı inandırmağa çalışırdılar ki, bu, mümkün deyil. Ona görə bir az tərəddüd var idi.
Ən vacibi odur ki, Amerikanın prezidenti kim olur-olsun, Azərbaycana qarşı ədalətli, qərəzsiz mövqedə dayansız”.
Tele-aparıcı Vaqif Aydınoğlu: “Amerika kimi dövlətlərdə dayanıqlı bir sistem müəyyənləşib. Adətən, iki seçkidən bir prezident dəyişikliyi baş verir. Respublikaçılar və Demokratlar bir-birini əvəz edirlər. Bu ənənə son 10 illiklər ərzində dəyişmir.
Hazırda şou stilli insanlar tez önə çıxır. Bir müddət əvvəl İngiltərə xarici işlər naziri təyin olunan Boris Conson da Tramp kimi birisidir. Bu cür tendensiyanı təbii qarşılamaq lazımdır. Açığı, mən Donald Trampın prezident seçiləcəyini gözləyirdim”.
Tele-aparıcı Rövşanə Bektaşi: “Donald Trampın prezident seçilməsi yalnız Amerika üçün deyil, bütün dünya üçün sürpriz oldu. Çünki mövqe üstünlükləri Hillari Klintonda idi. Düşünürdüm ki, prezident Hillari Klinton seçiləcək.
Siyasətçi deyiləm, sadəcə izləyirəm və maraqlanıram. Bizim üçün ABŞ-da kimini prezident olması fərq etməz. Əsas odur ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləsin”.
Müğənni Abbas Bağırov: “Mənim üçün bu məsələ maraqlı deyil. Sənətimizdə baş verənləri izləyirəm. Mən Amerika vətəndaşı da eyiləm. O, siyasətçilərə daha maraqlıdır”.
Müğənni Vasif Məhərrəmli: “Mən siyasətçi yox, müğənniyəm. Nəyimə lazımdır kim seçildi - Donald Tramp, yoxsa Hillari Klinton? Siyasətə qarışmıram”.
Tele-aparcı Ranar Musayev: “Siyasətlə maraqlanmıram. İşimlə məşğul oluram. Hətta seçki qabağı kampaniyanı da izləməmişəm. Ona görə də heç nə deyə bilmərəm”.
Tele-aparıcı Nərgiz Məmmədova: “Donald Trampın qalib gəlməsi mənim üçün şok olmadı. Onun prezident seçiləcəyini gözləyirdim”.
Rəqsanə